Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin silah-sursat anbarı partlayıb (yenilənir)

“Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonunun Qazyan, Hüsənli kəndləri atəşə tutulub”.

Foto: Müdafiə Nazirliyi


13.23.


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin silah-sursat anbarının partladığını açıqlayıb.


Nazirliyin yaydığı məlumata görə, Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.


Nazirlik bildirir ki, bu anbar Ermənistan ordusunun Ağdərədə yerləşən 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

***


12.55.


"Üzv dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasının qarşısını almalıdırlar"


"Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir (“We are our borders – All for Artsakh” donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society və s.)".


Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.


O deyib ki, erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları xətti ilə əldə edilən maliyyə vəsaitləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlir:


“Bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə verir. Bu ilk dəfə deyil ki, xaricdəki erməni diasporu qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarından sui-istifadə edərək əldə edilən vəsaitləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət və işğalın möhkəmləndirilməsi, eləcə də işğalçı ordu üçün silah sursatın alınması istiqamətində istifadə edir”.


H.Hacıyev terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 1999-cu il Beynəlxalq Konvensiyanın, eləcə də BMT Təhlükəsizlik Şurasının 1373 (2001), 2178 (2014), 2195 (2014) and 2347 (2017) saylı qətnamələrini xatırladıb: “Sənədə görə qeyri-kommersiya təşkilatları tərəfindən yuxarıda göstərilən sahələr üzrə fəaliyyət terrorizmin maliyyələşməsi kimi qiymətləndirilir və dövlətlər bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir. Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır", – Hacıyev qeyd edib.

***


Qubadlı istiqamətində də döyüşlərin getdiyi bildirilir

“Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, qarşı tərəf cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib:

“Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti Azərbaycan qoşunlarının nəzarəti altındadır”.

Eyni zamanda, bildirilib ki, bu gün səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri fasilələrlə atəşə tutulub:

“Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonunun Qazyan, Hüsənli kəndləri atəşə tutulub. Gecə ərzində isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi artilleriya atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görür”.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin silah-sursat anbarı partlayıb (yenilənir)