Mərhum general da daxil olmaqla, 3 nəfərə xüsusilə külli miqdarda mənimsəmə və başqa maddələrilə ittiham verilib
Müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini, 3 il əvvəl vəfat etmiş general-leytenant Fuad Məmmədovun məhkəməsi başlayıb. Vəfat etməsinə baxmayaraq, sonradan başlanmış Müdafiə Nazirliyi sistemində 143 milyonluq yeyinti ilə bağlı cinayət işi üzrə o da təqsirləndirilən şəxs qismində tanınıb. O, 10 milyondan çox mənimsəmədə ittiham olunur.
Ümumilikdə 143 milyonluq korrupsiya ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin işləri qruplar şəklində, hissə-hissə baxılması üçün məhkəməyə göndərilir. Ümumi cinayət işindən mərhum Fuad Məmmədovla bağlı ayrılmış işdə onunla yanaşı, daha iki nəfər – Fuad Şeydabəyov və Azər Xəlilov da təqsirləndirilən şəxs qismindədir. Onlar Müdafiə Nazirliyilə əməkdaşlıq edən şirkətlərin rəhbərləridir.
Mərhum general da daxil olmaqla, adları çəkilən 3 nəfərə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham verilib. Bu ittihamla 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onların işinə 1 aya yaxındır ki, Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrliyilə, Camal Ramazanov və Rafiq Abbasovdan ibarət hakimlər kollegiyası baxır. Məhkəmənin hazırlıq iclası bir neçə dəfə keçirilsə də, dekabrın 26-da yekunlaşıb. Bu cinayət işinin mahiyyəti üzrə araşdırılması üçün məhkəmə baxışına verilməsi barədə qərar çıxarılıb. Məhkəmə baxışı yanvarın 7-nə təyin olunub.
Növbəti məhkəmə iclasında prokuror ittiham aktını elan edəcək, daha sonra ifadələrin verilməsi mərhələsi başlayacaq.
1968-ci il təvəllüdlü mərhum Fuad Məmmədov 2018-2020-ci illərdə Müdafiə nazirinin müavini olmaqla yanaşı, həm də Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi idi. O, 2020-ci il iyulun 9-da vəzifəsindən azad edilib. Bir ay sonra – avqustun 10-da ürək çatışmazlığından vəfat edib.
Hazırda Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində yüksək vəzifə tutmuş bir sıra sabiq məmurların məhkəmələri gedir. Onların arasında Maliyyə və Büdcə Baş İdarəsinin rəisi olmuş general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin keçmiş rəisi Bayram Bayramov, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov, Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin keçmiş rəisi Rəşad Məlikzadə və başqaları var.