Mübariz Qurbanovun qardaşının şantaj olunması işində ağır cəza tələbi

Məhkəmə. Foto: Meydan TV

Keçmiş prokurorun hamam görüntüsü ilə şantaj olunduğu bildirilir

Uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış (Baş Prokurorluqda idarə rəisinin müavini, Qaradağ, Hacıqabul rayonlarının prokuroru, Abşeron rayonunda prokuror köməkçisi) Tariyel Qurbanovu hamamda çəkilmiş görüntülərlə şantaj edib, pul almaqda ittiham olunan yeddi nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işlə əlaqədar prokuror çıxış edib.

Hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərdən Ümman Əliyevə 9 il, Elnur Eldarova 8 il 6 ay, İlqar Əliyev və Natiq Nuriyevin hərəsinə 8 il, Ələkbər Nuriyevə 7 il, Sahilə Məmmədovaya 6 il həbs cəzası verilməsini istəyib. Təqsirləndirilən 7 nəfərdən yalnız biri – Pərvin Yusifovun ona aid hissədə prokurordan alınmış pulu tam ödədiyi – 3175 manatı Baş Prokurorluğun depozit hesabına köçürdüyü, bu məbləğin 25 faizini – 793 manatı isə dövlət büdcəsinə ödədiyi əsas gətirərək, prokuror onun barəsində cinayət işinə xitam verilməsini məqsədəuyğun sayıb.

Pərvin Yusifovun vəkili də prokurorun təklifini dəstəkləyib.

Təqsirləndirilən Sahilə Məmmədovanın vəkili isə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını xahiş edib. Sahilə Məmmədova istintaq dövründə, həmçinin məhkəmə proses gedən dövrün bir hissəsində həbsdə deyildi. Lakin məhkəmənin gedişində hakim onun barəsində qətimkan tədbirinin dəyişməsinə qərar verdi. Buna səbəb kimi, onun mütəmadi məhkəmə iclaslarına gecikməsi, qaydalara əməl etməməsi göstərildi.

Növbəti məhkəmə iclasında digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, ardınca özləri də son sözlərini deyəcəklər və hökm oxunacaq.

Onlar Tariyel Qurbanovun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunsalar da, hazırda prokuror onlardan şikayətçi deyil. Onun özü məhkəməyə gəlməsə də, şikayət və tələbinin olmaması barədə ərizə təqdim edib.

İttihama əsasən, Tariyel Qurbanov Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza”da çəkilən görüntülərlə şantaj olunub, ondan bir neçə dəfə pul alınıb. Təqsirləndirilən şəxslərdən biri olan Quba sakini Ümman Əliyev vaxtilə həmin hamamda işləyib, Tariyel Qurbanovu da oradan tanıyıb. Zərərçəkmiş qismində tanınan Tariyel Qurbanovdan pul əvvəlcə Ümman Əliyevin ailə üzvlərinin xəstə olması, onların müalicəsi adıyla alınıb. Bu üzdən təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə yanaşı, həm də 178-ci (dələduzluq) maddəsilə ittiham verilib.

Ümman Əliyev özünü qismən təqsirli bilir. O, dələduzluq ittihamını qəbul etsə də, hədə-qorxu ilə pul tələb etmədiyini deyir. Onun sözlərinə görə, bu ittihamı təsdiqləyən heç bir sübut da yoxdur.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Baş Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil: “2023-cü il yanvarın 16-da  öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib”.

Ana səhifəSosialMübariz Qurbanovun qardaşının şantaj olunması işində ağır cəza tələbi