“Mübariz Qurbanlıya qədərki sədrlər bir əllərində şallaq dini icmaları daim hədələyiblər”

Putin Şeyxi də mükafatlandırdı

Source:

Putin Şeyxi də mükafatlandırdı

Mayın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin diplomla təltif olunması ilə bağlı idarədə toplantı keçirilib.

Tədbirdə çıxış edən RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin bu il mayın 12-də RF prezidenti Vladimir Putinin A.Paşazadəyə təşəkkür elan etdiyini deyib və təşəkkür əksini tapan diplomu QMİ sədrinə təqdim edib. A.Paşazadə konfessiyalararası fəaliyyət sahəsində “xüsusi xidmətləri”nə görə təşəkkürə layiq görülüb. Səfir A.Paşazadənin Rusiyanın bütün ordenlərilə təltif edildiyini xatırladaraq, bundan sonra da təltif olunacağı anonsu verib. QMİ sədrini fəaliyyətini qarşısına qoyduğu şəkildə yönləndirən şəxs kimi dəyərləndirən səfir Azərbaycanda tolerant mühitin yaradılmasında da A.Paşazadənin xüsusi rolu olduğunu vurğulayıb. Səfir V.Doroxin Azərbaycanda islam və pravoslav xristian konfessiyaları arasında yaxşı münasibətlər olduğunu deyərək, katoliklərlə pravoslavlar arasında belə münasibət olmadığını söyləyib. Daha sonra diplomat hər iki ölkə arasında əlaqələrin də inkişaf etməsi haqda danışaraq, bu sahədə də A.Paşazadənin rolu olduğunu nəzərə çatdırıb.

Daha sonra QMİ sədri çıxış edərək, bu xoş müjdəyə görə sevindiyini söyləyib. Xarici ölkələrin 16 ordenini aldığını deyən A.Paşazadə bu sırada Rusiyadan aldığı mükafatları daha qiymətli saydığını deyib.

Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək dərəcədə inkişaf etdiyini vurğulayıb. Daha sonra QMİ sədri müstəqillikdən sonra bəzi sovet ölkələrinin Rusiyadan üz çevirdiyini, amma Azərbaycanın münasibətləri yaxşı səviyyədə saxlamasına diqqət çəkib. Rus Pravoslav Kilsəsinin (RPK) ilk yeparxiyanı  Bakıda açmasını A.Paşazadə bu münasibətlərin göstəricisi kimi dəyərləndirib.

QMİ sədri Qarabağ münaqişəsinin ilk illərində erməni tərəfin bunu dini zəminli münaqişə kimi təqdim etməsinin qarşısını RPK-nın aldığını xatırladıb.

Rusiya ilə Azərbaycan arasında bəzi narazılıqlara gəlincə, A.Paşazadəyə görə, bu, hər iki dövləti “gözü götürməyən” qüvvələrin işidir.

Daha sonra QMİ sədri QMİ və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasındakı münasibətlərə toxunub. Onun sözlərinə görə, yalnız Mübariz Qurbanlının sədrliyi dövründə komitə ilə QMİ arasında indiki kimi yüksək səviyyəli əlaqələr olub. Onun sözlərinə görə, M.Qurbanlıya qədərki sədrlər bir əllərində şallaq dini icmaları daim hədələyiblər. Son olaraq, A.Paşazadə RF-ni Qarabağ münaqişəsini tezliklə həll etməyə çağırıb (Turan İA).

Ana səhifəXəbərlər“Mübariz Qurbanlıya qədərki sədrlər bir əllərində şallaq dini icmaları daim hədələyiblər”