Mübariz Qurbanlının prokuror qardaşının şantaj olunmasına görə ağır cəza

Baş Prokurorluq. Foto: Meydan TV

Təqsirləndirilənlərə hökm oxundu

Uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış (Baş Prokurorluqda idarə rəisinin müavini, Qaradağ, Hacıqabul rayonlarının prokuroru, Abşeron rayonunda prokuror köməkçisi) Tariyel Qurbanovu hamamda çəkilmiş görüntülərlə şantaj edib, pul almaqda ittiham olunan yeddi nəfərin işi üzrə məhkəmə yekunlaşıb. Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Hakim Azər Paşayevin sədrliyilə çıxarılan hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ümman Əliyevə 7 il 6 ay, Elnur Eldarov və Natiq Nuriyevin hər birinə 6 il 6 ay, İlqar Əliyevə 6 il, Ələkbər Nuriyevə isə 5 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslər arasında yeganə qadın olan Sahilə Məmmədovaya 5 il azadlıqdan məhrumetmə cəzası təyin olunsa da, onun himayəsində azyaşlı övladının olması nəzərə alınıb. Məlum olub ki, o, həyat yoldaşından ayrılıb və anasının həbsindən sonra uşaq ana nənəsinin yanındadır. Sahilə Məmmədova son sözündə bildirib ki, anası da xəstədir, məhkəmədən bunun nəzərə alınmasını xahiş edib, əməlindən peşman olduğunu vurğulayıb. Məhkəmə uşağın 14 yaşı tamam olana qədər Sahilə Məmmədovaya kəsilmiş cəzanın təxirə salınması haqda qərar qəbul edib.

Təqsirləndirilən 7 nəfərdən yalnız biri – Pərvin Yusifovun ona aid hissədə prokurordan alınmış pulu tam ödədiyi – 3175 manatı Baş Prokurorluğun depozit hesabına köçürdüyü, bu məbləğin 25 faizini – 793 manatı isə dövlət büdcəsinə ödədiyi əsas gətirilərək, onun barəsində cinayət işinə xitam verilib.

Tariyel Qurbanov və Mübariz Qurbanlı. Foto: “lent.az”

Təqsirləndirilən şəxslər özlərini Tariyel Qurbanovu şantaj etməkdə təqsirli bilmirlər. Onlar dələduzluq ittihamını qəbul edirlər, bu əmələ görə də peşman olduqlarını deyirlər. Məhkəmədə son sözlərində təqsirləndirilən şəxslərin bir neçəsi deyib ki, onlar heç Tariyel Qurbanovun kim olduğunu bilməyib.

Tariyel Qurbanovun Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza”da çəkilmiş görüntülərlə şantaj olunduğu iddia edilir. Orada işləmiş Ümman Əliyev bu cinayətin əsas təşkilatçısı kimi təqdim olunur.

Ümman Əliyev özünü qismən təqsirli bilir. O, dələduzluq ittihamını qəbul etsə də, hədə-qorxu ilə pul tələb etmədiyini deyir. Onun sözlərinə görə, bu ittihamı təsdiqləyən heç bir sübut da yoxdur.

Ümman Əliyev bildirib ki, bir neçə dəfə qardaşının xəstəliyi və s. adlarla tanış kimi, Tariyel Qurbanovdan pul istəyib, o da göndərib. Sabiq prokuror da təsdiqləyir ki, ondan pulu əvvəllər xəstəlik və s. adlarla istəyiblər.

Məhkəmə prosesinin gedişində Tariyel Qurbanov təqsirləndirilən şəxslərdən şikayətçi olmaması haqda ərizə təqdim edib. O, məhkəmə iclaslarına qatılmayıb. Onu məhkəmədə nümayəndəsi təmsil edib.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

2023-cü il yanvarın 16-da Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Ana səhifəXəbərlərMübariz Qurbanlının prokuror qardaşının şantaj olunmasına görə ağır cəza