Mübariz Qurbanlı: ”Nardaranda divarlara şüar yazıb, dini bayraq qaldırmaq qanuna ziddir”

“Nardaranda polisə qarşı silah işlədilməsi ağır əməldir, bu, faktiki terror əməli kimi dəyərləndirilir”.

Source:


“Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Dünyanın heç yerində qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərilmir, göstərilən yerdə də cəzası verilir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

APA-nın məlumatına görə, komitə rəhbəri bildirib ki, Nardaranda baş verən hadisələrə görə məsuliyyət bunu törədənlərin üzərinə düşür: “Bu şəxslərin bir qismi saxlanılıb, istintaq-əməliyyat işləri aparılır, onlarla bağlı olan şəxslər də müəyyənləşdirilir. Nardaranda polisə qarşı silah işlədilməsi ağır əməldir, bu, faktiki terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir”.

M. Qurbanlı Nardaranda müxtəlif bayraqların asılmasına da toxunub: “Azərbaycanda bayraq haqqında qanun var. Bayraq qaldırmaq ehtiyacı olan yerdə Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər, bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir”.


[Nardaranda baş verənlərlə bağlı videolara bax]


Mübariz Qurbanlı həmçinin Nardaran hadisələrində xarici təsirlərin rolu barədə sualı cavablandırıb.

“Nardaranda əhalinin mütləq əksəriyyəti baş verənlərə görə hadisəni törədənləri, Nardarana kənardan gəlib hakimiyyətlə, dövlət qurumları ilə qarşıdurma yaradanları qətiyyətlə pisləyir”.
Qurbanlı bildirib ki, dövlət səviyyəsində olmasa da, müxtəlif xarici dairələrin Azərbaycanda uzantıları ola bilər: “Bu uzantıların həm Nardaranda hadisələrində, həm də digər yerlərdə radikal ekstremist qrupların əməllərində özünü büruzə verməsi mümkündür. Amma bu, müvafiq qurumların araşdırma mövzusudur. Biz əsasən dövlətin din siyasəti və bu siyasətin əsas istiqamətləri üzərində dayanırıq. Dövlət-din münasibətlərində dövlət dini himayə edir”.

Ana səhifəXəbərlərMübariz Qurbanlı: ”Nardaranda divarlara şüar yazıb, dini bayraq qaldırmaq qanuna ziddir”