Mübariz Qurbanlı: Mətbuat məscid məsələsini əsassız olaraq şişirdir

””İlahiyyat” məscidində dini ayinlər icra edilsə də, hüquqi status almamışdı”

Source:


””İlahiyyat” məscidində dini ayinlər icra edilsə də, hüquqi status almamışdı”

Son vaxtlar haqqında bir-birinə zidd fikirlər səslənən “İlahiyyat” məscidi barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı münasibəti açıqlayıb.

Komitə sədri “İlahiyyat” məscidi ilə bağlı heç bir problemin olmadığını və fəaliyyətini əvvəlki kimi davam etdirdiyini deyib.

Məlumatı “report” yayıb.

O, məscidin uzun illər öncə tikildiyini, ancaq hüquqi statusunun müəyyən edilmədiyini xatırladıb:

“Orada dini ayinlər icra edilsə də, hüquqi status almamışdı. Bu da müəyyən problemlər yaradırdı. Ona görə də biz məscidin hüquqi statusunu müəyyənləşdirdik. Qərara əsasən məscid Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) balansına verildi. Digər bir qərara görə Azərbaycanda fəaliyyət göstərən mədrəsələrin, Bakı İslam Universitetinin, həmçinin Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri orada praktik tədbirlərdə iştirak edəcəklər. Yəni məscid, həm də tədris mərkəzi kimi fəaliyyət göstərəcək”.

Komitə sədri bildirib ki, “İlahiyyat” məscidinin tədris mərkəzi kimi fəaliyyət göstərməsi məsciddə dini ayinlərin icrasını, namazın qılınmasını məhdudlaşdırmır.

“Məscid öz funksiyasını olduğu kimi davam etdirəcək, eyni zamanda dini mərkəz olaraq din üzrə yetiştdiriləcək kadrların praktik fəaliyyətinə də yer verəcək”-Qurbanlı belə deyib.

O, mətbuatda məscidlə bağlı dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatların yayıldığını da vurğulayıb:

“İlahiyyat” məscidi ilə bağlı heç bir problem yoxdur. Təəssüf edirəm ki, mətbuat bu məsələni əsassız olaraq şişirdir. Jurnalistlərimiz məsələni öyrənsinlər, sonra yazsınlar. Kimsə sosial şəbəkələrdə bilmədiyi mövzu haqqında yazır, başqaları da məsələnin mahiyyətini öyrənmədən reaksiya verirlər. Bir məsələ haqqında həqiqəti öyrənilmədən ona münasibət bildirilməməlidir. Hay-küy qaldırır, məscidin söküldüyünü deyirlər. Dövlət Komitəsi, QMİ məsələ ilə bağlı açıqlama yayıb. Məscidin imamı xütbəsində bu məsələ ilə bağlı geniş izahat verib. İndi biz necə edək, ev-ev gəzib adamlara məscidin yerində olduğunu deyək?”.

Ana səhifəXəbərlərMübariz Qurbanlı: Mətbuat məscid məsələsini əsassız olaraq şişirdir