Mübariz Qurbanlı: Din adı altında süni ajiotaj yaratmaq istəyənlər var

“Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır”

Source:


“Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır”

“Sovetski”dəki sökülən və sökülməkdə olan məscidlərlə bağlı məsələyə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aydınlıq gətirib.

O, APA-ya açıqlamasında həmin məscidlərin qeydiyyatsız olduğunu deyib:

“Köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır”.

M. Qurbanlı həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını da deyib:

“Məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var. O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi”.

M. Qurbanlı ərazinin ətrafında 4 böyük məscid olduğunu və onların necə lazımdırsa fəaliyyət göstərdiklərini də deyib: “Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.

M. Qurbanlı Bakıda 134 məscidin olduğunu, prezident İlham Əliyevin dinə verdiyi dəyər nəticəsində ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirildiyini də qeyd edib: “Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.

“Sovetski”dəki “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi artıq sökülüb. “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.

Ana səhifəXəbərlərMübariz Qurbanlı: Din adı altında süni ajiotaj yaratmaq istəyənlər var