Mübariz Qurbanlı: Bizdə tolerantlıq artıq dünyada nümunəyə çevrilib

”Bir sıra ölkələr tolerantlıq təcrübəsini öyrənmək üçün bizim komitəyə müraciət edib”

Source:


”Bir sıra ölkələr tolerantlıq təcrübəsini öyrənmək üçün bizim komitəyə müraciət edib”

“Azərbaycanda reket jurnalistlər olduğu kimi reket mollalar da var”.

APA-nın məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında bildirib. Komitə sədri deyib ki, çox vaxt mətbuatda hansısa özünü molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər:

“Bu, yanlışdır. Araşdırsanız, görərsiniz ki məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır. Necə ki, mətbuatı reket jurnalistlər gözdən salır, həqiqi din xadimlərini də reket mollalar hörmətdən salır”.

Komitə sədri məzarlıqlarla bağlı qanun layihəsindən də danışıb. O deyib ki, layihə artıq Milli Məclisə təqdim olunub:

“Yaxın zamanda bu məsələ müzakirə olunacaq”.

Məscid və icmaların qeydiyyat məsələsindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə deyib ki, Azərbaycanda 721 məsciddə dini icmalar qeydiyyatdan keçib:

“Bununla yanaşı 700 məsciddə dini icmalar qeydiyyata alınmayıb. Bunlarda dini icma fəaliyyət göstərmir. Biz çalışırıq, həmin məscidlərdə də icmalar olsun. Çünki dini icma olanda idarəetmə asanlaşır. Amma bəzi məscidlər də var ki, yerli səbəbləri nəzərə alaraq, orada dini icma olmadan axund və ya imam təyinatına razılıq vermişik”.

Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən dini icmalar arasında sələfi və nurçulara aid icma yoxdur. Komitə sədrinin sözlərinə görə, dini icmaların qeydə alınmasında 50 nəfərin imzasının olması şərtdir və adı çəkilən cərəyanların heç biri bu qədər imzanı toplamayıb:

“Ona görə də, hazırda bizdə nurçulara və sələfilərə məxsus dini icma qeydiyyatda deyil”.

Mübariz Qurbanlı onu da vurğulayıb ki, ölkədə dini radikalizmə qarşı mübarizə mütəmadidir:

“Bu gün dünyanın 40 ölkəsində dini radikalizm zəminində münaqişə mövcuddur. Münaqişə və müharibələr olan ölkələr əsasən müsəlman olan ölkələrdir. Son illərdə 60 minə yaxın terror hadisəsi baş verib. Din adı altında terror hadisələri vüsət alıb. Biz eyni zamanda xurafata qarşı da mübarizə aparırıq. Şükürlər olsun ki, indiyədək bizdə dini zəmində qarşıdurma, konflikt qeydə alınmayıb. Bu, bizim uğurumuzdur. Bizdə tolerantlıq artıq dünyada nümunəyə çevrilib. Bir sıra ölkələr bizdəki tolerantlıq təcrübəsini öyrənmək üçün bizim komitəyə müraciət edib”.

Ana səhifəXəbərlərMübariz Qurbanlı: Bizdə tolerantlıq artıq dünyada nümunəyə çevrilib