Mübariz Qurbanlı: “Azərbaycanda dini radikallara qarşı “çökdürmə siyasəti” aparılacaq”

Radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib

Source:


Radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə müsahibə verib. Komitə sədri əsasən dini radikal qruplardan danışıb.


– Son zamanlar Azərbaycanda radikal dini təmayüllü qrupların, xüsusən sələfi-vəhhabi, xəvarici cərəyanlarının ardıcıllarından ibarət mütəşəkkil dəstələrə qarşı hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar barədə nə deyə bilərsiniz?

– Son vaxtlar radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması və aradan qaldırılması üçün çox böyük işlər aparılıb. Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Qoy bilsinlər ki, onlara qarşı bu mübarizə bir an belə dayandırılmayacaq! Biz ölkəmizdə həmin radikal qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik.

Azərbaycan İslam ölkəsidir. Bizim İslami dəyərlərimiz, milli adət-ənənələrimiz var. Biz tarixən nəsildən-nəslə ötürülən bu dəyərləri qorumalı və yaşatmalıyıq. Azərbaycan dövləti, onun başçısı cənab İlham Əliyev bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirir. Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik də! Çünki bu, cəmiyyətimizin, milli adət-ənələrimizin, söykəndiyimiz İslami dəyərlərin istəyidir.



Bir müddət əvvəl Trend-ə bildirmişdiniz ki, həmin qrupların maliyyə mənbələrinin, iqtisadi resurslarının aşkar edilməsi və onların qarşısının alınması ilə bağlı tədbirlər görüləcək. Bununla bağlı hər hansı yeniliklər var? Maliyyələşmə əsasən haradan, kimlər və hansı sahələr vasitəsilə həyata keçirilir?

– Biz bu yaxınlarda Türkiyədə səfərdə olarkən özümüz üçün maraqlı bir məsələni aydınlaşdırdıq. Bizə bildirildi ki, orada radikal dini qruplar demək olar ki, yoxdur. Əgər varsa belə, onlar həlledici rol oynaya, məscidlərə, cəmiyyətə ciddi təsir göstərə bilmirlər. Bunun əsas səbəblərindən biri Türkiyədə ənənəvi İslami dəyərlərin təbliği və təşviqi işinin dövlət səviyyəsində geniş şəkildə aparılmasıdır. Fikrimcə, orada əldə etdiyimiz bu təcrübədən mütləq yararlanacağıq.

Azərbaycanda isə radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Bura Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar radikallaşmış dini qruplar tərəfindən qanun pozuntusuna yol verildiyi təqdirdə onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Buna misal olaraq, MTN və DİN tərəfindən son dövrlərdə təşkilatlanmış silahlı şəbəkə yaradan, eləcə də Azərbaycan vətəndaşlarını xarici ölkələrdəki silahlı münaqişələrə cəlb edən radikal qrupların aşkar edilərək zərərsizləşdirilməsini göstərmək olar. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və MTN birgə geniş tədbirlər həyata keçirir.

Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir.


– Qeyri-qanuni yollar deyərkən əsasən nəyi nəzərdə tutursunuz?

– Qeyri-qanuni yollar deyəndə, məsələn, xaricdəki qüvvələr tərəfindən radikal dini qruplara vəsait göndərilməsi, həmin qruplar vasitəsilə pulu əvvəlcədən ödənilməyən malların Azərbaycana gətirilərək burada yayılması və tərəfdarları vasitəsilə satışa çıxarılması, malların müftə verilməsindən istifadə edərək onlardan əldə edilən gəlirlərdən təkrarən qeyri-qanuni ədəbiyyatın əldə olunması və satışı, eyni zamanda, bu cür vəsaitdən istifadə edərək gənclər arasında tərəfdarların toplanması, onların şirnikləndirilməsi, silahlı birləşmələrə və xaricdəki silahlı münaqişələrə cəlb edilməsi və həmin vəsaitlərdən onların maliyyələşdirilməsi üçün istifadə edilməsini nəzərdə tuturam.

Lakin onların bu mənfur məqsədlər üçün iqtisadi yollarla əldə etdikləri gəlirlərin qarşısı alınır və bundan sonra da alınacaq. Bu istiqamətdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və digər dövlət qurumları müvafiq işlər aparırlar ki, kimlərsə qeyri-qanuni yolla Azərbaycana vəsait gətirərək onları burada konstitusion sistemin əleyhinə yönəldə bilməsinlər. Bu cür vəsaitlərin Azərbaycana qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar tərəfindən gətirilməsinin qarşısının alınması üçün də artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib.


– Bəs qeyd etdiyiniz üçüncü istiqamət hansıdır?

– Üçüncü istiqamət ideoloji-təbliğati yol və bu yolla radikalların bazasının çökdürülməsidir. İdeoloji-təbliğati yol əsl İslami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Biz bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstəririk. Bu iş kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirilir. Topladığımız təcrübə əsasında maarifləndirmə işlərini daha yüksək səviyyəyə qaldırmağı planlaşdırırıq.


– Bəzən sosial şəbəkələrdə bəzi radikal qruplara məxsus mağazalarda, supermarket şəbəkələrində digər məzhəb və ya təriqətlərə mənsub insanlar tərəfindən istehsal edilən məhsulların qəbulundan və satışa çıxarılmasından imtina edildiyinə və ya buna əngəllər yaradıldığına dair məlumatlar yayılır. Bu məsələ ilə bağlı hansı tədbirlər görüləcək?

– Hesab edirəm ki, belə şeylər yolverilməzdir. Belə hallar ortaya çıxdıqca onların qarşısı alınır və alınacaq. Yəni din pərdəsi altında öz iqtisadi maraqlarını həyata keçirmək istəyən qüvvələrə qarşı qətiyyətli, sərt tədbirlər görüləcək. Biz, həmçinin din əbası altında siyasi maraqlarını ifadə etmək istəyənləri, eləcə də ideoloji yolla Azərbaycanda ənənəvi dəyərlərə qarşı çıxanları mütləq çökdürəcəyik. Azərbaycanda dini radikallara qarşı sonadək “çökdürmə siyasəti” aparılacaq.

Ana səhifəXəbərlərMübariz Qurbanlı: “Azərbaycanda dini radikallara qarşı “çökdürmə siyasəti” aparılacaq”