Mübariz Mənsimovun həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi

“Onların heç biri Mübarizin həbsdə olduğunu bilmir və günlər keçdikcə, onların suallarına inandırıcı cavab vermək çox çətin olur”

Source: Meydan TV


“Sizin bu məsələyə müdaxiləniz bütün ədalətsizliklərə son qoya bilər”

Hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun həyat yoldaşı Tamara Mənsimova Qurbanoğlu Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Mübariz Mənsimovun qələbə və yeni il münasibərilə təbrikini çatdıran xanımı deyib ki, bu, Mehriban Əliyevaya yazdığı ikinci məktubudur.

“Sizdən çox ağır duruma düşmüş bir həyat yoldaşı, ana və qadın olaraq kömək və dəstək istəyirəm. 18 mart müraciətinizdən bir gün əvvəl, 17 mart tarixində Türkiyə məhkəməsinin qərarı ilə həyat yoldaşım, “Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Qurban oğlu Mənsimov həbs edildi. Bu qərarın uydurma ittihamlara əsaslandığı, həbsin sifarişli olduğu sübut edilsə də və iki dəfə məhkəmə baş tutsa da, hakimlər yalandan vaxtı uzatmaqla məşğuldular. Nəticədə isə bildiyiniz kimi artıq 9 aydan artıqdır ki, M.Mənsimov Silivri cəzaçəkmə müəssəsində saxlanılır. 84 yaşlı qoca atası və 82 yaşlı qoca anası ağır vəziyyətdədirlər. Ailəmiz, uşaqlarımız onun yolunu gözləyirlər. Dişimiz dırnağımız ilə yaratdığımız “Palmali” holdinqində vəziyyət isə daha ağırdır. İşçilər maaş almır, ərzaq və yanacaq çatışmır. Gəmilər iflic vəziyyətdədir, bütün müqavilələr pozulub”, – məktubda deyilir.

Xanımı deyir ki, Mübariz Mənsimov bütün bunları haqq etməyib:

“Mübariz bəy, Azərbaycan-Türkiyə qardaşlığının daim möhkəmlənməsi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin daim yaşadılması məqsədilə saysız-hesabsız işlər görüb. O, hər zaman “Heydər Əliyevin əsgəriyəm” deyib və həmişə bu kəlməsinə riayət edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Mübariz Qurbanoğlu gənclərimizə vətənpərvərlik, rəşadət, dövlətçilik nümunəsi kimi göstərib. Sizin milli xeyirxahlıq, əxlaqi, ailə dəyərlərimizin qorunması və təbliği sahəsində fəaliyyətiniz isə, Mübariz üçün hər zaman bir yol olub və o, bu yoldan heç vaxt dönməyib.

18 mart müraciətinizdə vurğuladığınız kimi, dünya çox təhlükəli koronavirus infeksiyasının pandemiyasını yaşayır. Belə bir şəraitdə mənim həyat yoldaşım həbsdə saxlanılır. Uydurma ittihamlara etiraz olaraq əvvəl keçirdiyi aclıq aksiyası onu taqətdən salmışdı və Mübariz artıq ayağa durmaqda belə çətinlik çəkirdi. Mənə həyat yoldaşımla görüşməyə icazə verilmirdi, bu məlumatları onun vəkillərindən öyrənmişəm. Hər günün ağırlığını, keçirdiyim hisslərin iztirablarını yaşamaq dözülməzdir. Mübarizin səhhətinin getdikcə pisləşməsi haqqında hər söz çiyinlərimə qaldırılması mümkün olmayan bir yük kimi düşürdü. Yuxarıda da bildirdiyim kimi , Mübarizin ahıl ata və anasının oğulları, 8 yaşlı uşağının atası haqda verdikləri fasiləsiz suallar məni həm üzür, həm də çıxılmaz vəziyyətə salır. Onların heç biri Mübarizin həbsdə olduğunu bilmir və günlər keçdikcə, onların suallarına inandırıcı cavab vermək çox çətin olur. Sizin mənim yaşadıqlarımı təsəvvür etməyinizi rica edərdim”.

Tamara Mənsimova Mehriban Əliyevadan kömək istəyir:

“Sizdən kömək istəyirəm. Bir oğulun, bir atanın, bir həyat yoldaşın haqsız olaraq həbsdə saxlanılmasına son qoyulması, Mübariz Mənsimovun həbsdən azad olunması, həyat yoldaşımın öz ailəsinə yenidən qovuşması üçün dəstək və yardımınıza böyük ehtiyacım var. Əminəm və bilirəm ki, Sizin bu məsələyə müdaxiləniz bütün ədalətsizliklərə son qoya bilər.

Sizdən xahiş edirəm ki, Türkiyənin İstanbul şəhərində həbsdə saxlanılan Mübariz Mənsimovun azadlığa buraxılması işində Ali Nüfuzunuzdan istifadə edərək dəstək və köməyinizi əsirgəməyəsiniz. Sizə ünvanladığım bu müraciəti eyni zamanda Mübarizin valideynlərinin və onun azyaşlı oğlunun müraciəti kimi qəbul edin”.

Ötən ilin mart ayında həbs olunan Mübariz Mənsimov terrorla, FETÖ qruplaşması ilə əlaqədə və casusluqda ittiham

olunur

.

Ana səhifəSiyasətMübariz Mənsimovun həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi