Mübariz Mənsimov: Mehman dövlətin malını oğurlayanları ifşa edib

Mübariz Mənsimov

Mübariz Mənsimov

''Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir''

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov həbsdə olan bloger Mehman Hüseynovun vəziyyəti ilə bağlı "Facebook" səhifəsində açıqlama yayıb.

"Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə xəbərim belə yox idi. Siz deyəndən sonra izlədim və o gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib" - deyə, Mübariz Mənsimov bildirib.

Daha sonra o, Mehman Hüseynovun bütün bunları edərkən aqressiv davrandığını, bunun doğru olmadığını söyləyib:

"Aqressivliyini gördüm ki, bu, qüsurdur, ancaq suç deyil. Sonucda gəncdir, dəliqanlıdır. Sonucda Azərbaycan Prezidenti daim medianın azad olduğunu və onların dostu olduğunu bildirir. Ancaq bəzi məmurlar bunun tam əksini edirlər. Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir. Bu məmurlar niyə öz eyiblərini düzəltmək yerinə güzgünü sındırırlar?! Yox etməyə çalışmaqdansa, bu gəncləri qazanmaq daha yaxşı olmazmı? Cənab prezident özü mətbuatı “köməkçilərim” adlandırıb, məmurların gizlətdiklərini onlardan öyrəndiyini söyləməmişmiydi? Qoy yazılsın, çəkilsin ki, Prezident də xəbərdar olsun etdiklərinizdən".

M. Mənsimov daha sonra sual edir: O villaların yerinə iş yerləri açıb, insanların rifah halının yüksəldilməsinə çalışılsaydı daha yaxşı olmazdımı? Danışanda hamısı prezidentə, dövlətə sədaqətdən dəm vuranlar, niyə ancaq özlərini düşünürlər?

"Mən siyasətçi deyiləm, iş adamıyam. Bir iş adamı olaraq, minlərlə insanı kontrol etməyin nə qədər çətin olduğunu bilirəm. Bir ölkəni idarə etmək isə bundan dəfələrlə çətindir. O baxımdan bu məsələlərdə prezidentin görən gözü, duyan qulağı olan mediaya belə münasibət əslində prezidentə qarşı atılmış addımdır. O gənci müdafiə edənlərin də səbrli olmasında fayda var. Çünki sonucda A məmurdan, B məmurdan şikayətçi olsaq da, zərbə dövlətimizin imicinə dəyir. Qorumalı olduğumuz da dövlətimizdir. Minlərlə şəhidin qanı ilə müstəqilliyini əldə etdiyimiz dövlət! Pis məmuruna görə, dövlətinə küsülməz, düşmənlik edilməz! İnanıram ki, haqq nazilsə də, üzülməyəcək, o gəncimiz də dövlətinə, millətinə bundan sonra da faydalı xidmətini aqressiyasız olaraq, davam etdirəcəkdir. Bir-birimizə qarşı sayğılı olaq. Ata-analarımızı söyməklə, təhqir etməklə, əsla irəliyə doğru addım ata bilmərik. Hamınıza saygılarımla".

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/717q13

Ən çox baxılan