Müavini Cahangir Hacıyevin əleyhinə danışdı

“VİP kreditlər Cahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib”

Source:
Cahangir Hacıyev
Cahangir Hacıyev


“VİP kreditlər Cahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib”

Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində Kamilə Hüseynova ifadə verib. O, təqsirləndirilən şəxslərdən Azad Cavadovu tanıdığını deyib: “Həyat yoldaşımın uşaqlıq dostu idi. 2011-ci ildə Azad yoldaşıma dedi ki, bankda sənədlərə qol çəkmək lazımdı. Mən də onun dediyini etdim. Lakin nəyə qol çəkdiyimi bilmədim. Orada bir oğlan bizi apardı yuxarı, qol çəkdim. İndiyə kimi ödənişlə bağlı bizə nəsə deyən olmayıb. Nəyə yol çəkdiyimi “Bandotdel”ə çağırılanda bildim”.

Prokuror bildirib ki, Kamilə Hüseynovanın adına 757 min 500 manat kredit götürülüb. Heç bir məbləğ də ödənilməyib. Həmin kreditin 666 min manat faiz borcu da var. Onun həyat yoldaşı İbrahim Hüseynov da oxşar ifadə verib. O, bildirib ki, Azad Cavadovla dost olduğu üçün ona inanıb.

Azad Cavadovun əmisi oğlu Tofiq Cavadov şahid qismində dindirilib. O da oxşar ifadə verərək bildirib ki, Azad Cavadovun xahişi ilə bankın Suraxanı filialında sənədlərə qol çəkib. Prokuror bildirib ki, həmin kredit 750 min manat olub. Həmin kredit üzrə 680 min əsas, 289 min manat faiz borcu qalır.

Daha sonra prosesdə Cahangir Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev ifadə verib. Şahid qismində dindirilən Aydın Mehdiyevin sözlərinə görə, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub. Sürücü həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib: “Mənə Mərkəz filialının rəhbəri Anar Sultanov zəng etdi ki, gedib sənədlərə qol çəkim. Cahangir Hacıyevdən soruşdum. Cahangir müəllim dedi ki, layihələrlə bağlıdır, imzalayım. Mən də onun dediyini etdim”.

Cahangir Hacıyev da bildirib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib və layihələrə xərclənib: “O kreditlər mənim göstərişim ilə verilib, layihələrə xərclənib. Mən bunu danmıram”.

Daha sonra prokurorun suallarını cavablandıran Aydın Mehdiyev deyib ki, kreditlərin ödənilməsindən xəbəri olmayıb. İclasda prokuror Fərid Nağıyev deyib ki, sənədlərdən birində Aydın Mehdiyevin imzası yoxdur. Aydın Mehdiyev isə deyib ki, istintaq vaxtı sənədlərə baxıb, o zaman görüb ki, imzalardan biri onun deyil: “Kreditlərdən biri ilə bağlı sənədlərdəki qol mənim deyildi. Mən hər hansı krediti götürüb Cahangir müəllimə verməmişəm”. Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev isə həmin kreditlər üzrə borcların 80 faizinin ödənildiyini deyib.

Təqsirləndirilən şəxslərdən Anar Sultanov isə kreditlərin ayrılmasından Aydın Mehdiyevin xəbərinin olduğunu deyib: “Kredit ayrılması ilə bağlı qərar verilmişdi. Bununla bağlı Aydınla dəfələrlə danışığımız olub. Onun kreditlərdən xəbəri var idi. Verilən kreditlər də bağlanılıb. Nəyə xərclənməsini, nəyə yönəldilməsini isə bilmirəm”.

Aydın Mehdiyev isə bildirib ki, ona deyiblər, kreditlər Ukraynadan armaturların gətirilməsi üçün istifadə olunacaq: “Deyirdilər ki, Cahangir müəllimin tikintilərinə görə, armaturlar gətirilir”. C.Hacıyev isə bildirib ki, tikililər onun şəxsi işləri yox, bankın layihələri olub.

Hazırda Beynəlxalq Bankda idarə heyəti sədrinin müşaviri olan Emil Mustafayev də ifadə verib. O, 1994-cü ildən bankda müxtəlif vəzifələrdə, o cümlədən İdarə Heyəti sədrinin birinci müavini işləyib. İttihamda yer alan 157 kredit və VİP kreditlərlə bağlı şahid bildirib ki, həmin kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. O bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.

Emil Mustafayev əlavə edib ki, VİP kreditlər Cahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: “Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı olmalıdır. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər irihəcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”.

Daha sonra vəkillərin suallarını cavablandıran şahid C. Hacıyevin həbsindən sonra DİN-ə müraciət etməsini belə izah edib: “Rəhbərlik belə göstəriş verirdi. Biz də onun dediklərini etməyə məcbur idik. Cahangir Hacıyev göstərişlərə əməl etmədiyinə görə filial müdirlərindən biri Cəlil Daşdəmirovu işdən çıxarmışdı. Bunu bankda hamı bilir. Lakin həmin adamın işdən çıxarılması səbəbi əmrdə başqa cür göstərilib. Həmin kreditlərin verilməsi bizi də narahat edirdi. Lakin Cahangir Hacıyev deyirdi ki, məsələni özü həl edəcək”.

C. Hacıyev isə bildirib ki, kreditlər layihələrə ayrılıb: “Bunu bankda işləyən hər kəs bilirdi. Elə layihə var idi, real idi. Oradan gələn gəlirlə kreditlər bağlanırdı. Həmin layihələrdən gələn gəlirlə fiziki şəxslərin kreditləri bağlanırdı. Siz sorğu versəniz görərsiniz ki, bağlanan kreditlər var”.

C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev isə ondan soruşub ki, nəyə görə, 2015-ci ildən əvvəl Daxili İşlər Nazirliyinə müraciət etməyib. Şahid deyib ki, qanunun tələblərini Cahangir Hacıyevin diqqətinə çatdırıblar: “Sadəcə rəhbər o idi və qərarları o verirdi”.

Vəkil ondan kredit komitəsinin iclaslarında həmin kreditlərin müzakirə edilib-edilməməsini soruşub. Şahid müzakirə edildiyini deyib: “Müzakirə edilirdi. Lakin Cahangir Hacıyevin göstərişi olmadan bu kreditlərin heç biri keçə bilməzdi. Rəhbər o idi. Deyəndə deyirdi ki, kreditlər tezliklə bağlanacaq”.

Daha sonra “Suraxanı” filialının kredit şöbəsinin müdiri Fuad Bağırzadə ifadə verib. O bildirib ki, 2011-ci ildə iki nəfərə kredit verilib, sənədlər baş idarəyə göndərilib.

“İnter Security” şirkətinin əməkdaşı Əjdər Babayev ifadəsində deyib ki, şirkətin rəhbərindən sənədlərə qol çəkməklə bağlı tapşırıq alıb və yerinə yetirib. Onun adına hazırda 400 min manat borc var.

Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev ifadəsində bildirib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bununla bağlı ona göstərişləri C. Hacıyev verib: “Biz rəhbərliyə kreditlərin bağlanmadığını dedikdə bildirdi ki, ödəniləcək”.

Bankın “Nəqliyyat” filialının xəzinədarı Rəfiqə Cabbarova bildirib ki, kredit alan şəxslər şəxsən özləri gəlib sənədləri imzalayıblar, lakin onlara pul verilməyib. Filialın baş mühasibi Afət Yusifova isə bildirib ki, kreditlərlə bağlı sənədləşdirmə işləri aparılıb, sənədlər üzərində pulların alındığı göstərilsə də, pulların verilib-verilməməsindən xəbəri olmayıb.

2002-ci ildən bankın İdarə Heyətinin sədrinin köməkçisi olmuş Anar Bəkirov bildirib ki, iki Rusiya vətəndaşına qeyri-qanuni kredit verilməsi ilə bağlı Cahangir Hacıyevin göstərişinə əsasən filiala tapşırıq verib.

“Nəqliyyat” filialının kredit şöbəsinin müdiri Kamran Rəhimli bildirib ki, kreditlərin sənədləşməsi onlar tərəfindən aparılıb və vəsaitlər müştərinin cari hesabına köçürülüb. Pulların alınıb-alınmamasından, təyinatından xəbəri olmayıb.

Proses sentyabrın 5-də davam edəcək.

C. Hacıyev, “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərMüavini Cahangir Hacıyevin əleyhinə danışdı