Müavinət ala bilməyən gənc aclıq aksiyası keçirir

“Nazirlik və məşğulluq mərkəzinin işçiləri süründürməçiliyi dayandırana qədər aksiyaya davam edəcəyəm”

Source:
Aqşin Beynəlmiləl
Aqşin Beynəlmiləl


“Nazirlik və məşğulluq mərkəzinin işçiləri süründürməçiliyi dayandırana qədər aksiyaya davam edəcəyəm”

Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilməyən gənc Aqşin Beynəlmiləl aclıq aksiyasına başlayıb. O, 6 gündür ki, heç nə yemir. Bu barədə Meydan TV-yə Aqşin Beynəlmiləl özü məlumat verib:

“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka gəlirəm. Aksiyaya burada davam edirəm. Haqqım olan müavinəti alana qədər aksiyanı bitirməyəcəm”.

Aqşin Beynəlmiləl işsizlik müavinətinə görə əvvəlcə Binəqədi Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Deyir, mərkəzdən ona bu müavinəti verməkdən imtina ediblər:

“Binəqədi Məşğulluq Mərkəzi əsaslandıra bilmədiyi “səbəblərdən” müavinəti vermək istəmir. Gah büdcədə pul olmadığını, gah da orta təhsilli vətəndaşlara müavinət verilmədiyini dedilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət də etmişəm. Nazirlik də şikayətimə baxmaq istəmədi. Sonradan nazirliyə getdim ki, məktubuma cavab verilməyib. Dedilər, məktub itib, gəlməyib”.

A.Beynəlmiləl deyir ki, əli hər yerdən üzüləndən sonra aclıq aksiyası keçirmək qərarına gəlib: “Bu vəziyyət qarşısında ölüm orucuna (müddətsiz aclıq aksiyasına) başlamaq qərarı verdim. Nazirlik və məşğulluq mərkəzinin işçiləri süründürməçiliyi dayandırana qədər yalnız su, şəkər və bəzi B vitaminlərini qəbul edəcəm. Səhhətim əl verdiyi müddətcə hər gün səhərdən axşama qədər nazirliyin yaxınlığında, Nizami metrosunun çıxışındakı parkda olacam”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün gün ərzində Binəqədi Rayon Məşğulluq Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. İş günü olmadığından cavab ala bilməyib.

Ana səhifəXəbərlərMüavinət ala bilməyən gənc aclıq aksiyası keçirir