”Şura yalnız televiziyalara tövsiyyə və təklif şəklndə verə bilər ki, qanunda nəzərdə tutulan normaları gözləyin”
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib ki, “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.
“Space” telekanalının efirində yayımlanan “Bu maraqlıdır” verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.
MTRŞ rəsminin açıqlamasını Meydan TV-yə şərh edən telejurnalist Qulu Məhərrəmli bildirib ki, şura tamaşaçı istəyindən çıxış edərək yaxşı proqramların olmasını istəyir. Söhbət maarifləndirici və ictimai düşüncəyə köklənən verilişlərdən gedir. Amma Azərbaycan televiziyalarında bayağı, kanalın məhdud reklam marağına xidmət edən və heç kimi cəlb etməyən proqramlarının sayı getdikcə artır. Toy verilişləri də bu kateqoriyadandır.
Bununla belə Qulu Məhərrəmli düşünür ki, Milli Televiziya və Radio Şurasının televiziyaların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Bu, bir telekanalın yayım siyasətidir. Ona görə də şuranın yayım işlərinə bu dərəcədə müdaxilə etmək səlahiyyətində deyil. Şura yalnız televiziyalara tövsiyyə və təklif şəklndə verə bilər. Ki, qanunda nəzərdə tutulan normaları gözləyin. Bununla əyləncəli verilişlərin çəkisi artmasın”.
Balansın pozulub-pozulmamaslına gəlincə, Qulu Məhərrəmli deyib ki, Azərbaycan teleməkanında balans 10 il əvvəl pozulub, keyfiyyətsiz əyləncəli verilişlərin xüsusi çəkisi artıb.