MTRŞ-nın aparat rəhbəri məhkəmə qərarına görə kanalın bir daha yayıma başlamayacağını bildirib
“ANS televiziyası fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının iddiasını təmin edib”. Bu barədə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov Turan-a bildirib.
Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib.
Məhkəmədə MTRŞ-nin nümayəndəsi bildirib ki, hətta Fətullah Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audio yazısını efirdə yaymayıblar. ANS isə bunu dəfələrlə göstərib.
Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başları, əlləri göstərib, bu da, MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.
ANS-in nümayəndəsi isə deyib ki, həmin gün ANS Türkiyədən reportajlar yayımlayıb. Əgər terror və vandalizmin təbliğinə yol verilibsə, iddiaçı kadrları təqdim edə bilər. Amma bunu sübut edən kadrlar məhkəmədə nümayiş etdirilməyib. Məhkəmə MTRŞ-nın iddiasını təmin edib.
ANS-ÇM radiosunun fəaliyyətinə gəlincə, “MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz”, deyə Toğrul Məmmədov qeyd edib.