“Təhsin Ağayev haqqında yalan və böhtan yazan media orqanları ilə bağlı məhkəməyə müraciət edəcəyəm”
Milli Təhlükəsizlik Nazirliyinin zabiti Təhsin Ağayevin həyat yoldaşı Kəmalə Ağayeva kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. Son günlər həyat yoldaşının haqqında yazılanlardan narahat olan xanım yazır həyat yoldaşı sağ-salamatdır: “Son günlər onun barəsində çirkin məqalələr, videoyazılar çıxmaqdadır. Onu gah kiminsə ölümündə, gah kimdənsə rüşvət almaqda, kimini də nahaq yerə həbs etməkdə günahlandırırlar. Bütün bunlar onu ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək və gözdən salmaq, şərəf və ləyaqətini alçaltmaq niyyətilə məqsədyönlü şəkildə biriləri tərəfindən davamlı şəkildə edilir. Həmçinin onun kimi digər işinə vicdanla yanaşan, dövlətinə və millətinə sadiq MTN əməkdaşlarına qarşı da bu addımlar atılmaqdadır. Bütün bunlara son qoyulması üçün hörmətli cənab Prezidentimiz İlham Əliyevə müraciət etdim. MTN işçilərinə qarşı yönələn kampaniyaya son verməsini ondan xahiş etdim”.
Kəmalə Ağayeva MTN əməkdaşlarının şücaətindən də söz açıb: “Başınızı qaldırıb ətrafınıza baxın. Qonşu respublikalardakı çaxnaşmalar, terror aktları, mitinqlər, canlı bombalar, sizcə, niyə bizdən yan keçir? Cavab verim- çünki MTN hamısının qarşısını zamanında alır! Sadəcə “Avroviziya-2012” müsabiqəsi zamanı baş tutmayan partlayışdan xəbəriniz varmı?! O zaman neçə terror-təxribat qrupları zərərsizləşdirilib. Bu işlər sayəsində minlərlə insan onları gözləyən təhlükədən xəbərsiz indi öz həyatlarını sürdürməkdədir. MTN-in gördüyü işlər barəsində kütləvi-informasiya vasitələrində dəfələrlə xəbərlər, sənədli filmlər gedib. Keçirilən əməliyyatlar zamanı MTN zabiti həyatını itirib, onlarla zabit yaralanıb. Bəs indi o ölən zabitin ailəsi nə düşünsün – oğulları hədər yerə həyatlarını qurban veriblər?!”
Zabitin xanımı media orqanlarını məhkəmə ilə hədələyib: “Təhsin Ağayev haqqında yalan və böhtan dolu yazılarla musavat.com , liderinfo.az, rublika.az, qafqaznews.az, news.milli.az, anaxeber.az, arxiv.az, topnews.az, meydan.tv, profliqa.bloqspot.com baş redaktorlarına bildirirəm ki, bundan belə şər və böhtanla dolu ,əsassız məqalələri və videoyazıları bir gün ərzində təkzib etməsələr, hamısı barəsində tək-tək şikayət ərizəsi ilə həmçinin ailəmizə vurulan mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyəm”.