“Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir”
Baş prokuror Zakir Qaralov iş adamı Vidadi Əzizi qəbul edib. Bu barədə Lent.az-a ailənin vəkili Fəxrəddin Məmmədov məlumat verib.
Vəkil bildirib ki, baş prokuror şəxsən Vidadi Əzizi qəbul edərək, onun şikayətini dinləyib. İş araşdırılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə verilib.
Şəhid ailəsi Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının fəaliyyəti ilə bağlı ictimaiyyətə müraciət edib. Şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısına ünvanladığı müraciətin mətni Lent.az-a da daxil olub.
Müraciətdə qeyd edilib ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-cü ilin aprel ayında Azərbaycan banklarının birinə köçürüb. V.Əziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkib. Bu zaman 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, Milli Təhlükəsizlik Nazirliyinə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb. Ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılıb ki, MTN-də V.Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər: “Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bu dəstənin üzvləri tərəfindən xaricdə biznes fəaliyyəti ilə məşğul olan oğlumuz Vidadi Əziz 2012-ci ilin aprel ayında Azərbaycanda yenidən biznes fəaliyyəti qurmaq, yeni iş yerləri açmaq məqsədilə xarici ölkədə qazandığı halal pullarını köçürdüyü bankdan alıb çıxarkən, Bakıda 20-25 nəfərdən ibarət maskalı şəxslər tərəfindən oğurlanaraq qoluna qandal vurulub nazirliyə aparılıb, orada işgəncələrə məruz qalıb, başına silah dirənib. Sonda 740 min ABŞ dolları əlindən alındıqdan sonra azadlığa buraxılan oğlumuzu bu yolla onları da qazancına və biznesinə şərik etməyə məcbur ediblər.”
Goranboy rayon Xanqərvənd sakinləri, şəhid atası Əsgər Əzizov, şəhid anası Almaz Əzizova qarşılaşdıqları bu özbaşınalıqla bağlı hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətləri geri çəkmək üçün dəfələrlə hədə-qorxu, təhdid aldıqlarını qeyd ediblər.
Məsələ ilə bağlı ailə prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubov sabah şikayətçi ailəni qəbul edəcək.