MTN polkovniki: “Əlimdə prokurorluğun rəhbər işçilərinin səs yazıları var”

Baş Prokurorluq. Foto: Meydan TV

“Mənə sui-qəsd cəhləri olub”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışmış, 5 aydır həbsdə olan polkovnik Sahib Ələkbərov bildirib ki, ona qarşı bir neçə dəfə sui-qəsdə cəhd etmək istəyiblər. Onun sözlərinə görə, Baş Prokurorluğun bəzi rəhbər şəxslərilə bağlı ciddi səs-küy yaradacaq səs yazıları var. MTN polkovnikinin sözlərinə görə, hətta ona qarşı sui-qəsd planı icra olunub, başına bir iş gəlsə belə, sözügedən yazılar etibarlı yerdədir və mütləq uyğun ünvanlara təqdim olunacaq. Sahib Ələkbərov bütün bunları Bakı Apelyasiya Məhkəməsində çıxış edərkən danışıb.

Sahib Ələkbərov MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, bu qurumun şöbə rəisləri, polkovniklər Vüsal Ələkbərov və Yasin Məmmədovla birlikdə mühakimə olunur. Onlar haqqında hökm 2022-ci il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində çıxarılıb. Sahib Ələkbərov 8 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Mövlam Şıxəliyev isə 12 il azadlıqdan məhrum edilib.

“Mənə dəfələrlə sui-qəsd eləmək istəyiblər. Mən deyirəm, danışdıqlarımdan 100 qat artığını səsli formada yazıb, qoymuşam, etibarlı yerdə saxlayıram. Mənə bu gün deyirlər ki, danışma. Əgər başıma bir iş gəlsə, meyitimi qəbiristanlıqdan çıxarıb susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq – rütbəsindən, mərtəbəsindən, mövqeyindən asılı olmayaraq. Prokurorluğun bəzi rəhbər işçilərinin məndə səs yazıları var. Bu gün təqdim eləmirəm, hörmət eləyirəm. Başıma bir iş gəlsə, onu təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm təqdim eləyəcəm, öləsi deyiləm ki. Xəbərdarlıq eləyirəm, otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə eləyib, qanunsuz qərarlar qəbul elətdirməsinlər”, – Sahib Ələkbərov çıxışında bildirib.

O, istər özü, istərsə də birlikdə mühakimə olunan digər üç nəfər haqqında Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmaların absurd olduğunu vurğulayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs qismində cəlb olunması haqda qərarda səlahiyyətlər baxımından həm səhiyyə naziri, həm Baş prokuror, həm Baş prokurorun müavini, həm ədliyyə naziri, həm milli təhlükəsizlik naziri kimi göstərilmişdi:

“Əgər mənim təqsirim varsa, layiq olduğum cəzanı çəkməyə hazıram. Yox, təqsirim yoxdursa, bəraətimi verin, çıxım gedim. Mənim istədiyim budur ki, bu iş araşdırılsın. Mənim adım niyə ləkələnməlidir? Niyə Nemət Əvəzov, Qasım Məmmədov kimilər (Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi, onun müavini) mənimlə bağlı belə yalan-palan iş aparıb mükafat almalıdır? Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında yazmışdılar ki, guya mən həm səhiyyə naziriyəm, həm Baş prokuroram, həm onun müaviniyəm, həm Penitensir Xidmətin rəisiyəm, həm ədliyyə naziriyəm, həm milli təhlükəsizlik naziriyəm… Bütün qərarları mən vermişəm. Dedim, bunları eləyənlər də belə-belə olsun. Ondan sonra həmin qərarı dəyişdilər. Məni cəlb edəndə bir vəkil gətirdilər. Əslində, qanuna görə, o ərazi üzrə büronun vəkillərinin siyahısını təqdim eləməlidilər, mən seçməliyəm. Bir nəfər “dejurnı” vəkil verdilər. Mən də son bir neçə ildə vəkillik fəaliyyətilə məşğul idim. Onunla vəkilliyə başlayanda eyni kursda olmuşdum. Məni tanıdı. Ona dedim ki, sən məni müdafiə edə bilərsən? Başa düşdü ki, onluq deyil…”.

Sahib Ələkbərov. Foto: Meydan TV

Sahib Ələkbərovun sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlardan biri də Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi barədədir. İttihama əsasən, o, Rüstəm Usubovun Səbail Rayon Prokurorluğunun qərarını ləğv etməsinə nail olub: “Mən Baş prokuror olmuşam ki, Rüstəm Usubova göstəriş verim, deyim ki, get, Səbail Rayon Prokurorluğunun qərarını ləğv elə?! Bu qədər yalan olmaz axı. Çağırıb Rüstəm Usubovu niyə soruşmayıblar ki, bu adam necə sənin o qərarı ləğv etməyinə nail olub? Mən müstəntiq olmuşam, o, Baş prokurorun birinci müavini…”.

Sahib Ələkbərov onu da vurğulayıb ki, 2005-ci ildə MTN Hacı Məmmədovun dəstəsini ifşa edəndə Rüstəm Usubov da bu dəstə barədə hələ iki il əvvəl prokurorluöa məlumat verdiyi halda, heç bir tədbir görülməməsilə əlaqədar Rüstəm Usubov da istintaqa cəlb olunmuşdu. O zaman Rüstəm Usubovu şahid qismində o dindirmişdi. Sahib Ələkbərovun sözlərinə görə, həmin dindirmədə Rüstəm Usubov onu hədələmişdi.

2003-cü ildə Baş Prokurorluqda Rüstəm Usubova Hacı Məmmədovun dəstəsi haqda məlumat verən Rəna Nəsibova adlı qadının meyiti üç ay sonra Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində işlədiyi ofisdə tapılmışdı. Həmin vaxt ekspertiza onun artıq dozada narkotik qəbulu nəticəsində ölməsi haqda rəy versə də, dəstənin ifşasından sonra bu məsələ yenidən araşdırılmış və Rəna Nəsibovanın boğularaq qətlə yetirildiyi məlum olmuşdu. O da aydınlaşmışdı ki, meyit tapılarkən hadisə yerinə gələnlər arasında Rüstəm Usubov da olmuşdu.

“Hacı Məmmədov işində mən təqsirləndirilən şəxslərdən birini dindirirdim. O dedi ki, ay kişi, mən palanam, eşşək qalıb kənarda”, – bunu da Sahib Ələkbərov deyib.

Təqsirləndirilən MTN polkovniki bildirir ki, ona 4 epizod üzrə ittiham verilib. İddia olunur ki, həmin epizodlarda o, şəxslər haqqında cinayət işlərini əsassız başlayıb, məqsəd onlardan pul almaq olub:

“Əgər elədirsə, o zaman həmin işlər üzrə qərar vermiş prokurorlar, həbs qərarını çıxarmış hakimləri niyə cəzalandırmırlar? Müstəntiq işi tək görmür ki…”.

Sahib Ələkbərov hesab edir ki, onun, eləcə də birlikdə mühakimə olunduğu digər keçmiş MTN-çinin işi ilə bağlı Baş prokuror Kamran Əliyev və onun birinci müavini Elçin Məmmədovu aldadıblar. Onlar haqqında ittiham aktını Elçin Məmmədov imzalayıb:

“Mənim onların hər ikisinə hörmətim var. Peşəkardılar. İnanıram ki, həqiqətləri bilsəydilər, buna yol verməzdilər. Hörmətli məhkəmə, materiallara baxın, əgər nəsə mənim dediyim kimi deyilsə, cəzamı artırın, dediyim kimidirsə, bəraətimi verin. Baş Prokurorluğun İstintaq İdarəsi şou, komediya yaradıb bu cinayət işi ilə. Kütləvi İnformasiya Vasitələri də bunları yayıb. İstintaq şou-komediya yeri deyil. İstintaq mötəbər sübutlara əsaslanmalıdır.

Məsələn, Natiq Teymurov epizodu. Guya o epizodda mənə 150 min pul verilib. O, yüksək vəzifədə olan bir nəfərin qohumudur. Olsa-olsa həmin adam zəng edər bu biri vəzifəliyə, o zənglə buraxarlar. Ya da verilməli olsa, o adam verər, bu biri də alar. Sahib kimdir ki, o işdə pul alsın? Ona görə də Natiq Teymurov heç məhkəməyə məhkəməyə gəlmədi…”.

Sahib Ələkbərov əmlaklarla bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi ona münasibətdə də bəzi zərərçəkmişlərin mülki iddiasını təmin edib. Halbuki, onun ailəsinin yeganə yaşayış yeri əlindən alına bilməz, Konstitusiya bunu qadağan edir:

“O ev alına bilməz. Çünki birgə nikah dövründə alınıb, yeganə yaşayış yeridir, üstəlik, ipoteka predmetidir. Akif Çovdarov, Sübahir Qurbanov kimilərin əmlak müsadirəsilə bağlı qərarları partapart ləğv edib, əmlaklarını özlərinə geri qaytarırlar, mənim nəyim var ki, nəyimi də alırlar? Mənim 63 yaşım var, türmədə yatan vaxtımdır? Birinci instansiya məhkəməsində məni aldatdılar, danışmadım. Hakimlərin müstəqilliyi prinsipini pozaraq, gedib kimə məruzə elədi, gəlib bu qanunsuz hökmü verdi. Mənim də balalarım var. Mən qanunsuz məhkum olunanda onların da üzünə qapılar bağlanacaq. Bu şəkildə cinayət işi hazırlamağın özü cinayətdir. İnanmaq istəyirəm ki, apelyasiya məhkəməsi bunu təsdiqləyib cinayətə şərik olmayacaq”.

Sabiq MTN-çilərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Ana səhifəSiyasətMTN polkovniki: “Əlimdə prokurorluğun rəhbər işçilərinin səs yazıları var”