“Jurnalistləri məhkəməyə buraxmırlar ki, bu məsələlər kənara sızmasın…”
Martın 15-də MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfərin – İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi davam etdirilməliydi. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Sabiq MTN-çilərin işində zərərçəkmiş qismində tanınan şəxslərə məhkəmədən bildirilib ki, bu işi araşdıran üç hakimdən birinin – Aslan Kəlbəliyevin səhhətində problemlər var. Bu üzdən məhkəmə prosesi aprelin 5-nə qədər təxirə salınır.
Zərərçəkmişlər məhkəmə prosesinin yubanmasından narazıdır. Onlar Meydan TV-yə bildirib ki, hətta hakimin xəstə olduğuna da şübhə ilə yanaşırlar. Çünki prosesin qəsdən uzadıldığını düşünürlər.
Sabiq MTN-çilərin işində 30 nəfərdən çox zərərçəkmiş var. Amma 2021-ci ilin sentyabrından başlayan məhkəmə prosesində hələ ki, onlardan cəmi 7 nəfəri dindirilib.
Zərərçəkmişlərdən Hüseyn Səfərov deyir ki, təkcə bu 7 nəfərin dindirməsi istintaqda araşdırılmayan xeyli qaranlıq məsələləri ortaya çıxarıb. Onun sözlərinə görə, həmin məsələlər araşdırılmadan bu işlə bağlı obyektiv, ədalətli qərar çıxarmaq mümkün deyil. Zərərçəkmiş bildirib ki, ortaya çıxan yeni hallar baş vermiş hadisələrdə əli və rolu olan başqa şəxslərin də məsuliyyətə cəlb olunmasını zəruri edir: “Mövlam Şıxəliyevgil mənim təkcə pulumu almayıb ki. Mənə həm də iki ədəd bahalı “Vertu” telefonları, 21 min dollara qızıl saat, “Churchill” markalı 12 millimetr kalibrli ov tüfəngi aldırıb. Amma ittihamda ancaq pulu yazıblar, bu faktlar əksini tapmayıb”.
Başqa bir zərərçəkmiş Əhməd Mirzəyev deyir ki, MTN generalının ona puldan əlavə, “Stefano Ricci”dən 25 min dollara kostyum, 15 min dollara qızıldan “Vertu” telefon aldırması, 80 min dollara villasını, restoranını təmin etdirməsi faktları ittihamda yoxdur.
Zərərçəkmiş Əfsəl Həsənəliyev bildirib ki, MTN-də onun başına gətirilənlər barədə vaxtilə Baş prokuror Zakir Qaralova, onun birinci müavini Rüstəm Usubova şikayət məktubları yazıb. Prokurorluğa müraciətlərində göstərib ki, şikayətlərində yazdıqlarını təsdiqləyən sübutları, səs yazıları da var. Lakin onun şikayətlərini araşdıran olmayıb. Əfsəl Həsənəliyevin sözlərinə görə, o, sabiq MTN-çilərin işi üzrə istintaqda dindiriləndə bu məsələdən də danışıb. Vurğulayıb ki, prokurorluğun o vaxtkı rəhbərliyi də baş verənlərə görə məsuliyyət daşıyır. Lakin istintaqçılar onun dediklərini nəzərə almayıb.
Zərərçəkmiş İbrahim Zeynalov isə deyir ki, istintaqda dindirilərkən keçmiş MTN-çilərin ondan 8 milyon pul almaq yanaşı, hava limanının yaxınlığında torpaq sahəsini də ələ keçirdiklərini bildirib. Onun sözlərinə görə, həmin torpaq sahəsinin bir hissəsi Mövlam Şıxəliyevin oğlunun, bir hissəsi isə Yasin Məmmədovun adına rəsmiləşdirilib. Üstəlik, o zaman həbsinin sifarişçisinin də deputat Ziyad Səmədzadə olduğunu istintaqa ifadəsində deyib. Lakin bu məqamların heç biri ittiham aktında əksini tapmayıb.
“Məhkəmədə bu halların hamısı üzə çıxır. Prosesdə də onlarla adam iştirak edir, hamı eşidir. Bunları gizlətmək mümkün deyil. Ona görə məhkəmə pis vəziyyətdə qalıb. Elə ona görə jurnalistləri məhkəməyə buraxmırlar ki, bu məsələlər kənara çıxmasın. Çünki özləri də yaxşı bilirlər ki, bu işdə nə var, nə yox. İstintaqda qapalı yerdi, özləri nə istəyib, yazıblar, işi o cür bağlayıblar. Məhkəmədə vəziyyət başqadır”, – zərərçəkmişlər bildirib.
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.