“MTN işi”ndəki zərərçəkmişlər icra məmurlarını məhkəməyə veriblər

Məhkəmə. Foto: Meydan TV

Onlar deyirlər ki, pulları verilmir

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin uzun illər rəisi olmuş general-mayor Mövlam Şıxəliyev, bu idarənin tabeliyindəki müxtəlif şöbələrə rəhbərlik etmiş polkovniklər Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun məhkəməsi iki ildən çoxdur ki, yekunlaşıb.

Onlar hazırda da 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Lakin sabiq MTN-çilərin işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərə dəymiş ziyan hələ də ödənilməyib.

Baxmayaraq ki, 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi, onlardan bir qisminin məhkəməyə təqdim etdiyi mülki iddianın təmin olunması da əksini tapmışdı.

Keçmiş MTN generalı Mövlam Şıxəliyev və polkovniklərin milyonlarla dəyəri olan əmlaklarının müsadirə olunmasının da məqsədi onların hərraca çıxarılıb satılması və əldə olunan vəsaitin dəymiş ziyanın ödənilməsinə yönəldilməsidir.

Zərərçəkmişlər Nərimanov rayon İcra Şöbəsini məhkəməyə verib.

Onlar iddia edir ki, icra məmuru bu işlə bağlı üzərinə düşən vəzifənin öhdəsindən gəlmir.

MTN işinin zərərçəkmişləri ilə icra məmurları arasındakı mübahisəni Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov araşdıracaq.

Adları çəkilən keçmiş MTN-çilər haqqında cinayət işinin materiallarında göstərilib ki, onlar müxtəlif iş adamlarını hədələyib, onları zorla nazirliyə gətirdiblər.

Orada onların barəsində saxta ittihamlarla cinayət işi başlanıb, amma bir müddət həbsdə saxlandıqdan sonra külli miqdarda pullarını, əmlaklarını alıb xəstə olmaları haqda ekspertiza rəyilə azad ediblər.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı.

Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, 2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib.

O, 2023-cü il iyulun 24-də general-mayor rütbəsindən də məhrum olunub. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu rütbəni Prezident verdiyinə görə hökmdə rütbənin alınması məsələsi yer alanda, bu barədə Prezidentə də təqdimat göndərilir.

Sərəncama əsasən, Mövlam Şıxəliyev general-mayor rütbəsilə yanaşı, həm də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından da məhrum edilib.

İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, II şöbənin rəisi Vüsal Ələkbərov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov da onunla birlikdə mühakimə olunurdu.

Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Onların da rütbələri, orden və medallarının alınması məsələsi hökmdə əksini tapıb. Bu, Vüsal Ələkbərovun ikinci məhkumluğudur.

Birinci dəfə onun rütbəsi də, mükafatları da alınmışdı.

Yasin Məmmədov və Sahib Ələkbərova gəlincə, onlar da Prezidentin 24 iyul 2023-cü il tarixli sərəncamına əsasən, “Vətən uğrunda” medalından məhrum ediliblər.

Zərərçəkmişlər vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz saxlandıqlarını, saxta ittihamla barələrində cinayət işi başlandığını və həbs qərarı çıxarıldığını, ailə üzvlərindən zorla külli miqdarda pul alınandan sonra azadlığa buraxıldıqlarını bildirirlər.

Onlar məhkəmədə çıxışlarında həmin pulları geri istəyiblər.

Ana səhifəXəbərlər“MTN işi”ndəki zərərçəkmişlər icra məmurlarını məhkəməyə veriblər