“MTN işi”ndə şahidlər ifadə verib

Vəkil: “Akif Çovdarovun səhhətində problemlər var”

Source:


Vəkil: “Akif Çovdarovun səhhətində problemlər var”

Yanvarın 23-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və onunla birlikdə mühakimə olunan digər vəzifəli şəxslərin növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi iclasda iş üzrə zərərçəkmiş şəxslərdən Zakir Bədəlovun qızı Tamilla Bədəlova şahid qismində ifadə verib. O, MTN əməkdaşlarının atasından sənədləri alması, onun MTN-nə aparılması haqqında ailə üzvlərindən eşitdiyini deyib.

Daha sonra zərərçəkmiş Neman Kərimovun epizodu üzrə şahid Sevinc Rüstəmova ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni təsdiqləyib. N. Kərimovun ona borcu olduğunu bildirib.

İclasda MTN əməkdaşı olmuş Elçin Çıraqov şahid qismində zərərçəkmiş Neman Kərimovun epizodu üzrə ifadə verib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, E. Çıraqov ifadəsində N. Kərimovun dediklərini təkzib edib. Belə ki, o, N. Kərimovun saxlanılaraq nazirliyə gətirilməsində iştirak etmədiyini söyləyib.

Daha sonra iclasda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Vüqar Muxtarov ifadə verib. O, əməliyyat keçirdiklərini və N. Kərimovu nazirliyə gətirdiklərini bildirib. Onun sözlərinə görə, həmin əməliyyatda Elçin Çıraqov da iştirak edib. Bundan sonra təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edərək E. Çıraqovla V. Muxtarovun çarpaz dindirilmələrini istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra iclasda zərərçəkmiş şəxs qismində Hafiz Abekarov ifadə verib. Hazırda Nəsimi rayon İcra Hakimiyyətində Hüquq Şöbəsinin müdiri işləyən H. Abekarov 2014-cü ildə MTN-nə çağırıldığını deyib. Bildirib ki, Mübariz Məmmədovla Rafiq Tağıyev adlı şəxslərin arasında torpaq alqı-satqısı olub. Mübariz Məmmədov MTN-nə şikayət edərək pulun H. Abekarova çatdığını deyib. H. Abekarov da bu məsələnin araşdırılması ilə bağlı nazirliyə dəvət edilib. O, həmin məsələdən xəbərsiz olduğunu deyib. H. Abekarov MTN-də təzyiqlə üzləşmədiyini də söyləyib.

Vəkil S. Rəsulov jurnalistlərə açıqlamasıda Akif Çovdarovun səhhətində problemlər olduğunu deyib.

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər“MTN işi”ndə şahidlər ifadə verib