”MTN işi”: Zərərçəkən ifadəsini təsdiqləməyib

Qapalı keçən prosesdə baş verənlər haqqında vəkil məlumat verir

Source:
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov


Qapalı keçən prosesdə baş verənlər haqqında vəkil məlumat verir

Aprelin 12-də Sabunçu rayon Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasdan sonra jurnalistlərə açıqlama verən vəkil Kamandar Nəsibov bildirib ki, iclasda zərərməkmiş Namiq Orucovun sürücüsü olmuş Gülağa Quliyev ifadə verib. O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb. Zərərçəkmiş prosesdə istintaqa verdiyi ifadəni təsdiqləməyib:

“Gülağa Quliyev məhkəmədə verdiyi ifadəsində qeyd elədi ki, 2015-ci ildə İlham Qasımovun bacısıoğlunun toyuna Namiq Orucovu aparıb. Orda söz-söhbət düşdüyünü və saxlanıldığını dedi. Daha sonra isə günahsız yerə tutulduğunun məlum olduğunu və sərbəst buraxıldığını dedi. Həmçinin, Gülağa restorana maskalı şəxslərin daxil olmadığını bildirdi”.

Kamandar Nəsibovun sözlərinə görə, daha sonra prosesdə zərərçəkmiş şəxs qismində brilyant satışı ilə məşğul olmuş Elçin Hacıyev dindirilib: “O, məhkəmədə istintaqa verdiyi ifadəni təsdiqlədi. Lakin sərbəst ifadəsi və istintaqa verdiyi ifadə arasında ziddiyyət oldu.

O, istintaqda verdiyi ifadəsində Türkiyədən brilyantı özü gətirdiyini desə də, məhkəmədə brilyantı Türkiyə vətəndaşı tərəfindən gətirildiyini dedi. Ziddiyyəti də belə izah elədi ki, brilyantı Bakıya Barış adlı şəxs gətirib. Sadəcə istintaqa çağırmasınlar deyə onun adını deməyib”.

Vəkil Kamandar Nəsibov bildirib ki, zərərçəkən şəxs məhkəmə dövründə 5 dəfə ifadəsini dəyişib: “Suallar verdik, ilişib qaldı. Hətta həmin brilyantı ölkəyə gətirməsi ilə bağlı gömrükdə bəyənnamə göstərmədiyi məlum oldu. Bu adamın qanunsuz şəkildə ölkəyə brilyant gətirdiyi ortaya çıxdı. Özü birbaşa qaçaqmalçılıqla məşğul olub”.

Elçin Hacıyev istintaqa verdiyi ifadəsində bildirib ki, 2013-cü ilin fevral ayında Türkiyədən 14 karatlıq brilyant qaş gətirib və onu satmaq istəyin: “2013-cü ilin yay aylarında dostum Tofiq Rəcəbov zəng elədi. Alıcı olduğunu və onları tanımadığını dedi. Qızılı satmaq üçün o və əmim oğlu Əjdər Hacıyevlə birlikdə “Nizami” kinoteatrının yanına getdik. Guya brilyantı almaq istəyən iki nəfərlə görüşəndən dərhal sonra təxminən 15 nəfər şəxs bizi əhatəyə aldı. Üçümüzü də məcburən MTN-nin binasına apardılar. Akif Çovdarovun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən brilyant əlimdən alındı və maddi sübut kimi onlarda qalacağı bildirildi. Bizi azadlığa buraxmaq üçün 150 min dollar pul tələb elədilər. Özünü Rəşad kimi təqdim edən əməkdaş və 3-cü idarənin rəis müavini Akif Əliyev bazar söhbətləri elədilər. Axırda azadlığa çıxmamız üçün 80 min dollara razılaşdıq. Mən pulu gətirmək üçün çıxdım. Əmim oğlu Əjdər Hacıyev və dostum Tofiq Rəcəbov “girov” kimi MTN-də saxlanıldı. Maşınımı ucuz qiymətə satdım, dost-tanışdan pul götürdüm. 80 mini düzəltdim. Həmin pulu Akif Əliyevə verdim, brilyantı və “girov”dakı yaxınlarımı buraxdılar”.

Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində Əjdər Hacıyev dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Zərərçəkmiş bildirib ki, hadisə olan gün onlara iki nəfər yaxınlaşıb: “Onlardan biri bir qədər kök, digər isə bir qədər arıq adam idi. Kök adam bir az yaşlı idi. Təxminən 60-65 yaşı olardı, Elçin onlara həm brilyant daşı, həm də həmin daşın sənədlərini göstərdi. Həmin şəxslər ikisi də brilyant daşa və sənədlərə baxandan sonra dedilər ki, pulunu sabah verəcəklər. Ona görə də Elçin daşı cibinə qoydu və həmin iki nəfər şəxs aralanıb getdilər. Onlar yenicə aralanmışdılar ki, 10-15 nəfər şəxs qəflətən yaxınlaşdı və onların arasında bir nəfər MTN-nin əməkdaşı olduğunu söyləyib bizi MTN-ə aparacaqlarını bildirdi. Danışmağa imkan vermədən bizim üçümüzü də MTN-ə gətirdilər. Maşına minən kimi sürücü qismində olan şəxs “o şeyi ver mənə” dedi. Dediyini anlamadım. Dedi ki, “nə satırsız, bax onu”. Dedim, vallah mən heç nə satmıram. MTN-ə çatdıq. Məni, Elçini və Tofiqi dəhlizdə divanda oturtdular. Başa düşdük ki, MTN-ə gəlməyimizin səbəbi Elçində olan brilyant daş imiş. Elçin MTN əməkdaşlarına həmin daşı qanuni yolla və sənədlər əsasında ölkəyə gətirdiyini desə də, heç kim ona qulaq asmırdı. Elçini başqa bir otağa apardılar. Tofiqlə məni dəhlizdə ayrı-ayrı yerlərdə oturtdular. Dəhlizdə olanda yanımızda olan MTN işçiləri “siz bilirsiniz kontrabanda ilə məşğulsuz?!” deyirdilər. Elçini başqa bir otaqda təxminən bir saat sorğu-sual etdilər və sonra saat 15 radələrində onu buraxdılar. Elçin dindirmə otağından çıxanda rəngi qızarmışdı, aydın görünürdü ki, vəziyyəti yaxşı deyil, həyəcanlıdır. Sonra isə məni başqa bir otağa saldılar və qarşıma kamera qoydular ki, çəkəcəklər. Onlar Elçini tanıyıb-tanımadığımı soruşdular. Elçinin doğma əmisi oğlu olduğumu dedim. Düşdüyüm vəziyyətə görə şokda idim. Çünki heç vaxt belə halla və təzyiqlərlə rastlaşmamışdım. Elçin çıxıb gedəndə başa düşdük ki, onu pul gətirmək üçün buraxıblar. Saat təxminən 21 radələrində bəstəboy bir şəxs Tofiqi və məni buraxdı və dedi ki, azadsınız, gedə bilərsiniz”.

İfadələrə münasibət bildirən Akif Çovdarov isə onları yalan adlandırıb.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”MTN işi”: Zərərçəkən ifadəsini təsdiqləməyib