”MTN işi”: Zərərçəkən Eldar Mahmudovun məhkəməyə gəlməsini istəyir

Prosesdə general-mayor Elçin Quliyevin dövlət vəsaitinin mənimsənilməsi faktı araşdırılıb

Source:
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi


Prosesdə general-mayor Elçin Quliyevin dövlət vəsaitinin mənimsənilməsi faktı araşdırılıb

“Elçin Quliyev MTN-ə çağırılan şəxslərlə bağlı göstərişi Eldar Mahmudovun verdiyini deyib”.

Bu sözləri məhkəmədə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev deyib.

Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər vəsatətlə çıxış ediblər.

Zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, E.Quliyev istintaq zaman ifadəsində deyib ki, zərərçəkmiş Maqsud Mahmudovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudov edib: “Elçin Quliyevin sözlərinə görə, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdikləri sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”.

M.Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını xahiş edib. M.Mustayev iclasda ifadə vermiş MTN əməkdaşlarının fikirlərinə diqqət çəkir:

“Hamısı deyir ki, onlara tapşırığın İlqar Əliyev verib. Əgər belədirsə, niyə onları bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər? İlqar Əliyev ölüb. Onların dediklərindən nəsə aydın olmur”.

Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclas baxılacaq.

M.Mustafayev bildirib ki, MTN əməkdaşları onun evinə silah qoyublar onu şərləyiblər.

Eldar Mahmudov
Eldar Mahmudov

E.Quliyev isə M.Mustafayevin evindən silah tapıldığını deyib. Bundan sonra onlar bir-birlərini ittiham edib.

“Elçin Quliyev ifadəsində bildirir ki, Eldar Mahmudov ona daxili telefonla zəng edərək, mənim və bacımın evində silah olmasını deyib. Xahiş edirəm, həmin əməliyyat məlumatının surəti məhkəməyə təqdim edilsin”.

Hakim bu vəsatətə də baxılacağını deyib.

Prosesdə zərərçəkmiş şəxslərdən Sahib Qurbanov da vəsatətlə çıxış edib. O, MTN-nin Xəzər rayon icra şöbəsinin sabiq rəisi Rafiq Səfərov və əməliyyatçı Eldar Hacıyevin məhkəməyə çağırılmasını, ondan götürülmüş siqaretlərin kimə verilməsini aydınlaşdırmaq istəyib. Hakim vəsatəti təmin edib.

Sonra iclas qapalı keçirilib.  Prosesdə E.Quliyev tərəfindən dövlət vəsaitinin mənimsənilməsi araşdırılıb.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı, o, tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Ana səhifəXəbərlər”MTN işi”: Zərərçəkən Eldar Mahmudovun məhkəməyə gəlməsini istəyir