“”MTN işi” sahibkarlara qarşı təzyiqləri tam əhatə etmir”

İradə Cavadova: ” Təəssüf ki, bəziləri indiki durumu görmədilər, onlar təzyiqlərə, işgəncəyə tab gətirməyərək həyatlarını itirdilər”

Source:


İradə Cavadova: ” Təəssüf ki, bəziləri indiki durumu görmədilər, onlar təzyiqlərə, işgəncəyə tab gətirməyərək həyatlarını itirdilər”

Hüquqşünas İradə Cavadova hesab edir ki, Respublika Prokurorluğunun “MTN işi” ilə bağlı açıqlaması Azərbaycanda sahibkarlara qarşı təzyiqləri tam əhatə etmir: “Prokurorluğun məlumatında 57 nəfər sahibkardan söhbət gedir və bu, bir nazirliyin təzyiqinin göstəricisidir”.

Meydan TV-yə bu barədə danışan İradə Cavadova təəssüflənir ki, bütün sahibkarlar üzləşdikləri təzyiqlər barədə açıqlama vermirlər: “Son hadisələrdən belə anladım ki, cəsarətli sahibkarların susmaması nəticəsində cinayət işi açılıb. Amma onların əmlakları və pullarının qaytarılıb-qaytarılmayacağını bilmirəm. Bu, üzə çıxan olayların bir qismidir. Məsələ ondadır ki, dövlətin başqa struktları da sahibkarlara təzyiq edib, onların əmlakını alıb. Sahibkarlar bununla bağlı daim şikayətçi olub və bu barədə faktlar yetərincədir. Bir çox sahibkarı məcbur edib mülklərini alırdılar. Məsələn, Zülfüqarlı qardaşlarını “Bandotdel”də məcbur edib imzalatmışdılar. Əgər bu adamlar şikayət edib sona qədər gedəcəklərsə, nəyəsə nail olacaqlar. Onlar qarşılaşdıqları özbaşınalıqların sona qədər araşdırılmasını tələb etməlidirlər, nəinki publikaya hesablanan çıxışlar etmək. Bəzən vəkillər publikaya işləyən çıxışlar etməyi xoşlayır, bununla iş keçməz. Mən həmin işlə bağlı Nurəddin Zülfqarlıyla görüşmüşdüm və Xətai Rayon Məhkəməsində iştirak etməliydim. Onun orderi hələ məndədir. Təəssüf ki, vəkillərin bir-birinə qısqanclığı hər şeyin tam ictimailəşməsinə imkan vermir. Zülfüqarlıların zavodları sıravi vətəndaşın adına rəsmiləşmişdi, bunlar məhkəmə qaydasında araşdırılmalıdır. Əgər hüquqi baxımdan düzgün araşdırma aparılsa, onun zavodları qaytarıla bilər. Amma inanmıram ki, Nurəddin Zülfüqarlı gəlib yenidən Azərbaycanda işləyər, çünki o öz işini xaricdə qurub. Sual yaranır; Niyə sahibkarlarımız ölkədən didərgin düşüb xeyirlərini başqa ölkəyə verir? Olmazmı Azərbaycanda qalıb iş yerləri açsın?”

İradə Cavadova ümid edir ki, son hadisələrdən sonra iş adamlarına qarşı təzyiqlər səngiyəcək: “Amma bu prosesin daimi, yoxsa bir müddət davam edəcəyini deyə bilmərəm. Biz hələ hansı işdən sonra “MTN işi”nin başladığını deyə bilmərik, güman ki, ciddi və ardıcıl şikayətlər olub. Təəssüf ki, bəziləri indiki durumu görmədilər, onlar təzyiqlərə, işgəncəyə tab gətirməyərək həyatlarını itirdilər. Məsələn, 2007-ci ildə apardığım “Aeroport işi” vardı, çox haqsızlıqlar olmuşdu. Təsəvvür edin ki, müdafiə etdiyim şəxs, hava limanının şöbə müdiri Tamerlan Mikayılovun maşınından narkotika, 2 otaqlı mənzilində 15 nəfər axtarış apararaq 11 patron “tapıb”, “vətənə xəyanət” maddəsilə həbs etdilər. Absurda baxın, onu MTN-ə şahid qismində dəvət ediblər. Maşın nazirliyin ərazisində olub, adamı içəridə 6 saat dindiriblər və aşağı düşüb maşında axtarış apararaq, narkotika “tapıblar”. Halbuki, MTN-ə daxil olanda açar daxil olmaqla hər şeyi təhvil verib. T.Mikayılov azadlıqdan məhrum edildi, indi azadlıqdadır, ancaq sağlamlığını, dövlətə olan güvənini, hər şeyini itirdi. Hesab edirəm ki, MTN müstəntiqlər və idarə rəisləri Vüsal Ələkbərov, Mövlan Şıxəliyev cinayətə yol verdi, çünki işi saxtalaşdırdılar. Hakimlər də işin MTN-dən gəldiyini nəzərə alıb vəsatətlərimizi qorxularından rədd etdilər”.
İradə Cavadova “Bayraq meydanı”nın keçmiş rəisi Rəşad Məmmədovun işinə

görə həbs olunan İsfəndiyar İsfəndiyarovun və Arzu Məmmədovun hüquqlarını müdafiə etdiyini xatırlatdi. Onun sözlərinə görə, sonuncular əmioğludurlar və onların Rəşad Məmmədovla heç bir qohumluğu yoxdur: “Hər 3 şəxsi MTN sifariş əsasında həbs edib, sadəcə, pul tələsi idi. Təəssüf ki, bu barədə verdiyim açıqlamaları hər bir KİV orqanı özlərinə sərf edən şəkildə yayıb. İşin motivi odur ki, Zabil Salmanov adlı şəxs mülkünü 4 milyon 700 min manata satıb, bütün sənədləşmə notarial qayada həyata keçirilib. Deməli, onun vasitəsilə yuxarıda adlarını çəkdiyim şəxsləri həbs etdilər. Özü sonradan etiraf etdi ki, hazırda həbsdə olan MTN generalı Subahir Qurbanovun  işgəncəsi nəticəsində yalan ifadə verib. Zabil Salmanov əsasən şikayətinin İsfəndiyar İsfəndiyarovdan olduğunu deyirdi, guya onun pulunu verməyib. Sual yaranır; Hansı pulu? Salmanovun 1 milyon manata yaxın vergi borcu yaranıb. Qanunvericiliyə görə, mülki satırsansa, vergi ödəməlisən, 4 milyon 700 min manata mülki satmısansa, vergi verilməlidir. Əgər vergiyə pul ödəmək istəmirsənsə, insanlara niyə böhtan atırsan? Salmanov pulunu almaması barədə şikayət yazıb və Respublika Prokurorluğu şikayəti MTN-ə göndərir. Niyə şikayətə MTN-də baxırlar, anlamıram. Və MTN araşdırma aparmadan hər 3 şəxsi həbs edib, pul tələb edir. Bu barədə faktlar yetərincədir, sadəcə, istintaq sirri olduğundan əhatəli danışmayacam”.

Ana səhifəXəbərlər“”MTN işi” sahibkarlara qarşı təzyiqləri tam əhatə etmir”