MTN-ə verdiyi pullara görə ailəsi borca düşən və bu üzdən intihar edən Cahangir Məmmədovun başına gələnlər…
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, bu idarənin şöbə rəisləri olmuş Yasin Məmmədov və Vüsal Ələkbərov, eləcə də istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun məhkəməsi davam edir. Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyev qanunun məhkəmənin açıqlığı prinsipinə, zərərçəkmiş tərəfin vəsatətlərinə və bir sıra media orqanlarının rəhbərlərinin rəsmi müraciətinə baxmayaraq, prosesdə jurnalistlərin iştirakına qadağanı davam etdirir. Hakim özü də media rəhbərlərinə rəsmi cavabında bunu təsdiqləyib və qadağanı pandemiya ilə əlaqələndirib. Bu dövrdə məhkəmə prosesində jurnalistlərin iştirakını məqsədəuyğun hesab etmədiyini yazıb.
Jurnalistlər məhkəmənin açıqlığı prinsipinin və məlumat əldə etmək azadlığının pozulmasıyla əlaqədar hüquqi addımlar atmaq niyyətindədir.
Qadağaya baxmayaraq, media nümayəndələri, o cümlədən Meydan TV məhkəmə zalında baş verənlər haqqında məlumat əldə edib.
Məhkəmə iclasında zərərçəkənlər yenə də jurnalistlərin buraxılmamasına görə hakimə etirazlarını bildiriblər. Onlar hakimi sabiq MTN-çilərin əməllərini ictimaiyyətdən gizlətmək cəhdində ittiham ediblər:
“Əvvəl dediniz ki, rəsmi müraciət olmalıdır. Tələbiniz qanunsuz olsa da, rəsmi müraciət olundu. İndi də pandemiyanı bəhanə edirsiniz. Eyni məntiqlə prokuroru da buraxmaya bilərsiniz ki, pandemiyadır. Bu, nə deməkdir?”
Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinə rəsmi cavab verildiyini bildirib.
Daha sonra zərərçəkmiş Elşən Mədətov ifadə verib. O bildirib ki, “Texnikabank”a əmanət qoyduğuna görə sabiq MTN-çilərin hədəfinə çevrilib. MTN-də bu bankla bağlı araşdırma aparılanda orada əmanəti olan şəxsləri çağırıb, hədələyib, böyük məbləğdə pullarını, əmlaklarını alıblar. Bundan imtina edənləri isə saxta ittihamla həbs ediblər. Sonradan pulunu alıb, həbsdən buraxıblar.
Zərərçəkmişin sözlərinə görə, o, 2007-ci ildə “Texnikabank”a illik 12 faizlə 623 min avro əmanət qoymuşdu. 2008-ci ilin avqustunda Fransadan istirahətdən qayıdanda əmanət qoyduğu bankın filial müdiri Zal Yusifovun həbs olunduğunu eşidib. Oktyabrın əvvəlində isə onun özünü hazırda təqsirləndirilən şəxslər arasında olan, o dövrdə isə MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov telefon vasitəsilə nazirliyə çağırıb. MTN-də təxminən 5 saat boş otaqda tək qaldığını deyən Elşən Mədətov ifadəsində bildirib ki, daha sonra Vüsal Ələkbərov gəlib: “İlk sözü bu oldu ki, “mütəşəkkil cinayətkar dəstəyə qoşulmusan, Zal Yusifovla bankı talamısınız”. Məndən 300 min dollar pul istədi, dedi ki, MTN rəhbərliyinin göstərişidir. Əks halda, məni də Zal Yusifovla eyni ittihamla tutmaqla hədələdi. Bildirdim ki, banka qanuni yolla pul qoymuşam. Təsiri olmadı. Əksinə, Vüsal Ələkbərov daha da irəli getdi. Dedi ki, “deyəsən, hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün çöldə-bayırda gəzirsən, başınıza iş gələr”.
Zərərçəkmişin sözlərinə görə, hədələrdən çəkinib və məbləği aşağı salıb, razılaşmaq qərarı verib. Həmin vaxt Azərbaycanda prezident seçkisi keçirilən ərəfə olub. Elşən Mədətov da o zaman Dairə Seçki Komissiyasının sədri idi. Dediyinə görə, bunu Vüsal Ələkbərovun nəzərinə çatdırıb, ondan vaxt istəyib: “Ona dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm, həmin vaxt prezident seçkisi keçirilirdi. Vüsal Ələkbərov məndən DSK sədri olduğumu təsdiqləyən vəsiqəni tələb etdi. Verdim, götürüb harasa getdi, az sonra qayıdıb gəldi, vəsiqəmi qaytarıb dedi ki, “get, prezident seçkisini keçir, sonra görüşərik”. Mən də çıxıb getdim. Seçki keçdi, bir neçə gün sonra Vüsal Ələkbərov məni yenidən MTN-ə çağırdı, bu dəfə də 300 min istədi. Dedim ki, birtəhər 100 min toplaya bilərəm. Rəisi Mövlam Şıxəliyevin yanına getdi, qayıdıb dedi ki, 100 min dollara razılaşdı, ifadəmi də almadı, məni buraxdı”.
Elşən Mədətovun dediyinə görə, təxminən 15 gün sonra – oktyabrın sonunda 100 min dolları düzəldib, MTN-ə gedib. O, pulu Vüsal Ələkbərova verərək geri qayıdıb.
Bir müddət sonra Vüsal Ələkbərov ona zəng edərək çağırıb: “Öz maşınımdan düşüb, Vüsal Ələkbərovun maşınına əyləşdim. Dedi ki, “rəhbərlik pulunu qaytarmağı tapşırıb, çünki əleyhinə ifadə var. Ona görə ya 300 min, ya da həbs… Hətta uşaqlarımın da ilişə biləcəyini dedi. Hədə-qorxulardan, həbs olunmaqdan çəkinirdim. Evdə, qohum-əqrəbada olan bütün qızılları satdım, dostumdan, qayınatamdan əlavə borclar aldım. Daha 100 min topladım. Aparıb verdim. 1-2 gün sonra Vüsal Ələkbərov zəng elədi ki, “rəhbərliyə məruzə elədim, razılaşmır, pulu tam çatdır, rəhbərlik razılaşmır”. Mənə yenə 10 gün vaxt verdi. Əlacsız durumda idim. Bilmirdim nə edim…”
Zərərçəkmişin sözlərinə görə, o, sonradan Sabirabad rayonunda yerləşən dəyirmanını, restoranını satıb, daha 50 min dollar toplaya bilib və bu pulu da çatdırıb. O vurğulayıb ki, MTN-ə ümumilikdə 250 min dollar pul verib.
Prokuror zərərçəkmişdən soruşub ki, niyə o zaman baş verənlər haqda şikayət etməyib? Elşən Mədətov dövlət ittihamçısına belə cavab verib: “Onda bunların qılıncının dalı da kəsirdi, qabağı da. Kimə şikayət edəydim? Şikayət etsəydim, başıma oyun açardılar”.
Elşən Mədətovun qardaşı Kamal Mədətov şahid qismində dindirilərkən onun dediklərini təsdiqləyib.
Başqa bir şahid Nəsrəddin Sultanov da bu məsələ ilə əlaqədar dindirilib.
“Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşəni bankdakı əmanətinə görə hədələyirdilər, həbs etməmək üçün pul tələb edirdilər. Ona deyirdim ki, vermə, sən cinayət eləməmisən. Onu elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü. Pulu verməsə, ailəsinin başına oyun açacaqlarından qorxurdu”, – şahid bildirib.
Nəsrəddin Sultanovun sözlərinə görə, o da həmin ərəfədə şəxsi tanışları vasitəsilə Vüsal Ələkbərovla görüşüb: “Ona dedim ki, Elşənin banka qoyduğu 623 min avronu da ələ keçimisiz, üstəlik, 300 min tələb edirsiz. Onda 100 mini artıq almışdı Elşəndən. Dedim ki, Elşən qalacaq, mən səni güllələyəcəyəm…”
MTN əməkdaşları tərəfindən tutulan, bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılan Cahangir Məmmədov sonradan intihar edib. İddia olunur ki, onun azadlığa buraxılması üçün külli miqdarda pul tələb olunub və nəticədə ailəsi borca düşüb. Cahangir Məmmədov da bu üzdən intihar edib.
Cahangir Məmmədovun mənzilini almış Elmar Qurbanzadə də məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, 2014-cü ildə dostu Günəşlidə ev satıldığını deyib, həmin evi birlikdə almağı təklif edib. O da razılaşıb. Evi alsalar da, ailə bir müddət oradan çıxmayıb: “Dostum Cahangirə zəng elədi, evdən çıxmasını xahiş etdi. Cahangir isə həyat yoldaşının evdən çıxmaq istəmədiyini dedi. 2015-ci ilin iyul ayında mən Cahangirin qardaşı Arifdən eşitdim ki, o, evində özünə ülgüclə və bıçaqla xəsarət yetirib. Sonra xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb öldürüb. Qardaşlarıyla söhbətdə onlar bildirdilər ki, Cahangiri qanunsuz həbs eləmişdilər. Onun həbsdən azad edilməsi üçün MTN əməkdaşlarına pul verilib. Lakin konkret kimə, nə qədər pul verildiyini bilmirəm”.
Məhkəmə prosesi martın 1-də davam edəcək.
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.