Zərərçəkən: “Yüksək vəzifəli dövlət məmurunun göstərişi ilə o əmlakın üzərindən həbs götürülüb”
Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyevin həbsindən sonra onun özünün və ailə üzvlərinin adına olan bir sıra əmlakların üzərinə həbs qoyulub. Onların arasında Bakının mərkəzində (metronun “Sahil” stansiyasının üstündəki binada 5 mənzil, Nizami küçəsində ev və obyektlər) mənzillər, bağ evi və s. var. İndi isə məlum olur ki, istintaq dövründə Xaçmaz rayonunda yerləşən “Çobanbulaq” istirahət mərkəzinin də üzərinə həbs qoyulub. Bu barədə Bakı Apelyasiya Məhkəməsində sabiq MTN-çilərin işinə baxılarkən zərərçəkmişlərdən Əfsəl Həsənəliyev vəsatət qaldıraraq məlumat verib.
O bildirib ki, Xaçmaz rayonunda yerləşən “Çobanbulaq” istirahət mərkəzinin üzərinə əvvəl həbs qoyulsa da, sonradan yüksək vəzifəli dövlət məmurunun göstərişi ilə o əmlakın üzərindən həbs götürülüb. Əfsəl Həsənəliyev həmin əmlakın üzərinə yenidən həbs qoyulması haqda vəsatət qaldırıb.
Mövlam Şıxəliyev vaxtilə MTN-də onun tabeliyində işləmiş daha üç polkovniklə birlikdə – İbtidai İstintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov və şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Bakı Hərbi Məhkəməsinin hökmüylə Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Onların rütbələri, dövlət mükafatları da əllərindən alınıb. Həmçinin Mövlam Şıxəliyevin üzərində həbs olan təxminən 7 milyon manatlıq əmlakının 5 milyonluq hissəsi müsadirə olunub. Lakin hələ apelyasiya məhkəməsinin qərarı olmadığına görə hökm qüvvəyə minməyib.
Vaxtilə MTN tərəfindən qanunsuz tutulduğunu, zorla pulları alındıqdan sonra azadlığa buraxıldığını iddia edən zərərçəkmişlər o əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Məhkəmədə bununla bağlı ekspertiza keçirilməsi haqda vəsatət qaldırıblar. Onlar hesab edir ki, əmlaklar bazar dəyərindən 2-3 dəfə ucuz qiymətləndirilib. Bu isə son nəticədə zərərçəkmişlərə vurulan ziyanın az hissəsinin ödənilməsinə gətirib çıxaracaq. Çünki əmlakların müsadirə olunmasında məqsəd onların hərracda satışından əldə olunan vəsaitin zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsidir. Əmlak ucuz qiymətləndiriləndə ödənilən məbləğ də az olacaq.
Məhkəmədə o da məlum olub ki, bundan əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN işi üzrə istintaqı aparmış müstəntiq Mehdi Mirzəyev Bakı Hərbi Məhkəməsinə və başqa qurumlara məktub yazıb. O göstərib ki, 5 il istintaq aparıb və Mövlam Şıxəliyevin təqsirini təsdiqləyən sübutlar ortaya çıxmayıb. Bu üzdən cinayət işi onun icraatında olduğu dövrdə onu cinayət məsuliyyətinə cəlb etməyib.
Məhkəmədə zərərçəkmişlər keçmiş Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, MTN-in İstintaq İdarəsinin sabiq rəis müavini Təhsin Ağayev, MTN əməkdaşı Mamay Quluzadə, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş sədr müavini Əfqan Hacıyevin çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırıb.
Sabiq MTN-çilərin məhkəməsində qaldırılan vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə baxışı isə dekabrın 26-na təyin olunub.
Mövlam Şıxəliyevlə yanaşı, onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti verib. Çünki müsadirə olunan əmlakların əksəriyyəti onların mülkiyyətindədir.
Bu cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.
Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.