”MTN işi”: Həbs etməmək üçün külli miqdarda pul istədilər

Zərərçəkmiş: ”Şirkətin lisenziyasını ləğv etməklə hədələdilər və hər ay pul verməyimi tələb etdilər”

Source:


Zərərçəkmiş: ”Şirkətin lisenziyasını ləğv etməklə hədələdilər və hər ay pul verməyimi tələb etdilər”

İyunun 21-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib. Zaur Əzimov adlı zərərçəkmiş deyib ki, Amil Yusifov adlı şəxslə birlikdə siqaret məhsullarının alveri ilə məşğul olublar. 2015-ci ilin yanvar- fevral aylarında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirildiyini deyən Z. Əzimov bildirib ki, həmin əməliyyat nəticəsində onlara məxsus 100 qutu siqaret saxlanılıb və MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb.

Zərərçəkmişin sözlərinə görə, bundan sonra “Range Rover” markalı avtomaşını da əlindən alınaraq həmin idarəyə aparılıb:

“Mən də həmin idarəyə dəvət olunaraq sorğu-sual olundum”.

Zaur Əzimov qeyd edib ki, onun həbs edilməməsi üçün külli miqdarda pul tələb olunub: ”Bundan əlavə, telefonum MTN əməkdaşları tərəfindən qanunsuz dinlənilib”.

Təqsirləndirilən Elçin Quliyev isə Zaur Əzimovu siqaret qaçaqmalçılığında ittiham edib: “Bu şəxs kontrabandalıqla məşğul olurdu. Buna görə də, idarə tərəfindən əməliyyat keçirilib, telefonlarınız dinlənilib, barənizdə tədbir görülüb”.

Zaur Əzimov isə ona “Əgər biz kontrabandalıqla məşğul olmuşuq, cinayət törətmişiksə, niyə həbs etmirdiniz? Nəyə görə pulumuzu alıb, bizi sərbəst buraxırdınız?”, – cavabını verib.

Zaur Əzimov ondan hədə-qorxu yolu ilə 120 min manat alındığını deyib.

İclasda “Elite Travel” MMC-nin təsisçisi və direktoru Xalıq Sadıxov da zərərçəkmiş şəxs qismində dindirilib. O, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanıldığını deyib:

“Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay pul verməyimi tələb etdilər”.

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. Onun ifadəsinə görə, ikinci dəfə də hədə-qorxulara məruz qalıb:

“Ayaz Garayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, elə bil, şirkət onlarındır”.

Növbəti məhkəmə prosesi iyunun 23-də davam edəcək.

E. Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Ana səhifəXəbərlər”MTN işi”: Həbs etməmək üçün külli miqdarda pul istədilər