MTN İŞİ: ”Evimə atdıqları tapançanın ekspertiza xərcini də məndən tutublar”

“Hətta evimə atdıqları tapançanın ekspertiza xərcini də məndən tutublar”

Mənbə: Azadlıq Radiosu

2014-cü ilin sentyabrında MTN əməkdaşları tərəfindən həbs olunan, 21 ay cəza çəkdikdən sonra bəraət alıb azadlığa çıxan Mətləb Mustafayev deyir ki, həbsində yaxından-uzaqdan iştirakı olan kimsədən əl çəkməyəcək. Məhkəmədə də bildirib ki, o adamların hər birinin cəzalandırılması üçün əlindən gələni edəcək.

M.Mustafayevin MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası qismən təmin olunub. Səbail Rayon Məhkəməsində 10 may 2018-ci ildə çıxarılmış qətnaməyə əsasən, Maliyyə Nazirliyi M.Mustafayevə 5 min manat kompensasiya ödəməlidir.

M.Mustafayev M.Şıxəliyevlə yanaşı, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, onun haqqında tibbi rəy vermiş MTN-in Hərbi Tibb İdarəsinin rəisi, general Məzahir Yaqubov və bu nazirliyin müstəntiqi olmuş, onun barəsindəki cinayət işinin istintaqını aparmış Elşən Murtuzova qarşı da iddia qaldırıb. Həmin iddialar Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. Eldar Mahmudov və Məzahir Yaqubova qarşı iddia ərizələri hakim Emin Mehdiyevin, Elşən Murtuzova qarşı iddia ərizəsi isə hakim Rəşid Səmədovun icraatına verilib. Lakin mayın 30-da keçirilən məhkəmədə hakim Emin Mehdiyev bildirib ki, eyni işə aid olduğundan iddiaların üçü də birləşdirilir və hamısına özü baxacaq.

Eldar Mahmudov və Məzahir Yaqubovun vəkilləri müvəkkillərinə qarşı iddiaların icraata götürülüb baxılmasına etiraz ediblər. Bildiriblər ki, artıq M.Mustafayevin kompensasiya tələbilə qaldırdığı iddia üzrə çıxarılmış məhkəmə qətnaməsi var.

“Eyni iş üzrə müxtəlif iddia ərizələrinə baxılması qanunsuzdur. Çıxarılmış qətnamə nəzərə alınmaya bilməz. Yoxsa iddiaçı hamını bir-bir məhkəməyə verib, günahkar çıxaracaq”, – deyə Eldar Mahmudovun vəkili Cavid Rzazadə bildirib.

Mətləb Mustafayev isə bildirib ki, qanunsuz həbsində əli olan hər kəsin cəzalanması üçün məhkəmələrə müraciət edəcək. Onun sözlərinə görə, Eldar Mahmudovun sifarişilə işdən çıxarılıb, evinə silah atılaraq, şərlənib həbs olunub, 21 ay həbsdə saxlandığı müddətdə həm özü, həm də ailəsi iztirab çəkib, vəkil və başqa məsələlərə çoxlu xərc çəkilib: “Bu qədər maddi-mənəvi ziyanın qarşılığında məhkəmə götürüb cəmi 5 min manat təzminat təyin edir. Bu, nə məbləğdir? Təsəvvür edin, evimə atdıqları tapançanın ekspertiza xərcini də məndən tutublar”.

Məzahir Yaqubovun vəkili Telman Abdiyev də müvəkkilinə qarşı iddia ərizəsinin icraata götürülməsinə etiraz edib.

Hakim Emin Mehdiyev bildirib ki, Səbail Rayon Məhkəməsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin 5 min manatla ölçülməsi düzgün deyil: “Məhkəmənin qüvvədə olan qətnaməsi olduğu üçün başqa qətnamə qəbul edilə bilməz. Ona görə də icraatda birləşdirilən iddia ərizələri baxılmamış saxlanılacaq. Çünki qanunvericilik belə tələb edir. İddia ərizəsi üzrə araşdırma aparılandan sonra qəbul etdiyimiz qərar elan olunacaq”.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

M.Mustafayev bu işdə də Maliyyə Nazirliyini əlavə cavabdeh qismində göstərib. Çünki digər cavabdeh şəxslər mühüm dövlət orqanında yüksək vəzifələr tutarkən ona qarşı qanunsuzluq edilib.

Ana səhifəXəbərlərMTN İŞİ: ”Evimə atdıqları tapançanın ekspertiza xərcini də məndən tutublar”