”MTN işi”: Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm

“MTN əməkdaşları məni hədələyərək 300 000 manatımı alıblar”

Source:


“MTN əməkdaşları məni hədələyərək 300 000 manatımı alıblar”

“İstintaq təcridxanasında ciddi şəraitdə saxlanılıram. Qapının ağzında 4 nəfər nəzarətçi dayanır. Telefon danışıqlarım dinlənilir, ciddi nəzarətdəyəm. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Həm dövlətə sədaqətlə xidmət etmişəm, həm də bir sıra mükafatlar, medallar almışam”.

Məhkəmədə çıxışı zamanı hazırda həbsdə olan MTN generalı Elçin Quliyev belə deyib.

İyulun 7-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. İclasda şahid və zərərçəkmişlər də ifadə veriblər.

Torpağı verməsən səni həbs edəcəyik

Meydan TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin bacısı Lalə Yavərova dindirilib. O, MTN əməkdaşlarının hədə-qorxu ilə Mərdəkandakı torpaq sahələrini əllərindən aldıqlarını deyib:

“Bir gün qardaşım dedi ki, hədə-qorxu ilə torpağı əlindən almaq istəyirlər. Mən də məcbur olub, qardaşım dediyi Rövşən adlı şəxsin adına etibarnamə verdim. Qardaşıma deyirdilər ki, torpağı verməsən səni həbs edəcəyik”.

MTN-nin vəzifəli şəxsləri həbs olunan kimi Ələsgər şikayət edəcəyini dedi

Şahid Rövşən Abbasov isə deyib ki, torpağın alınmasını ona MTN-nin Xəzər rayon şöbəsinin rəisi Rafiq Səfərov tapşırıb:

“Rafiq mənə dedi ki, 50 sot torpaq lazımdır. Mən də tanışım Ələsgərin belə bir torpağı olduğunu dedim. İşdən sonra Rafiqlə birlikdə torpağa baxdıq. Sənədləşməyə qədər 50 sot torpağa 50 min manat pul verdik. Qalan pul isə sənədləşmədən sonra veriləcəkdi. Ancaq məlum oldu ki, həmin ərazidə qaçqın və məcburi köçkünlər yaşayırlar və Ələsgərin özünü də oraya buraxmırlar. Mən bu məsələni Rafiqə dedim. Bizə pulu geri almağımızı tapşırdı. Ələsgər isə pulu vermək istəmirdi. Bir ay sonra razılığa gəldik, ərazini özümüz sənədləşdirdik. Ələsgərin bacısından aldığımız torpaq sahəsinə görə 25 min manat pul verdik. MTN-nin vəzifəli şəxsləri həbs olunan kimi Ələsgər zəng edərək, şikayət edəcəyini dedi. Bildirdi ki, ona borcumuz qalıb. Mən buna etiraz etdim. Məsələni rəisə dedim. O isə idarənin nüfuzuna xələl gəlməməsi üçün Ələsgərə 10 min manat verməyimi istədi. Mən də bu pulu sonradan Ələsgərə verdim”.

Nəyə görə həbs olunduğumu anlamıram

Zərərçəkmiş Ə. Əliyev isə onun dediklərini təkzib edib. Bildirib ki, sonradan alınan torpaqlara görə ona pul verilməyib və MTN əməkdaşları tərəfindən hədə-qorxu gəlinib.

Təqsirləndirilən Elçin Quliyev ona “Hədə-qorxuya mən məruz qalmışam. Sən bizi şantaj edə-edə orada oturmusan, mən isə içəridə. Səni döyüblər, söyüblər? Sənə kim nə edib? Cənab hakim, 2 ildir ki, mən burdayam, amma hələ də nəyə görə həbs olunduğumu anlamıram” deyib.

Hakim isə E. Quliyevə xəbərdarlıq edərək, məhkəmə iclasını pozmamağa çağırıb.

Milli qəhrəman mükafatından başqa bütün mükafatları, medalları almışam

İclasda şahid qismində MTN-nin Xəzər rayon İdarəsinin baş əməliyyat müvəkkili olmuş Heydər İslamov da ifadə verib. O, ifadəsində Ə. Əliyevdən alınan torpaq sahələrinin pulunun ödənildiyini, 50 sot torpağın Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərov üçün alındığını söyləyib.

Bu zaman Elçin Quliyev şahidə müraciət edərək, zərərçəkmişə hədə-qorxu gəlinməsi barədə tapşırığın onun tərəfindən verilib-verilmədiyini soruşub. Şahid isə belə bir hadisənin olmadığını deyib. Sonra E. Quliyev hakimə müraciət edib:

“Mən istintaq təcridxanasında ciddi şəraitdə saxlanılıram, qapının ağzında 4 nəfər nəzarətçi dayanır. Bütün telefon danışıqlarım dinlənilir, özüm ciddi nəzarətdəyəm. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Mən dövlətə sədaqətlə xidmət etmişəm, milli qəhrəman mükafatından başqa bütün mükafatları, medalları almışam”.

“Pulu ona otağında verən vaxt MTN əməkdaşları tərəfindən həbs olundu”

Sonra MTN-nin Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov şahid qismində ifadə verib. Onun sözlərinə görə, 2011-ci ildə Elçin Quliyevin müavini intihar etmiş İlqar Əliyev ondan 50 sot torpaq tapmasını istəyib:

“Mən də bu məsələni Heydər İslamova tapşırdım. Alınan torpaq sahələrinin də pullarını verdik”.

İclasda zərərçəkmiş şəxslər – Ələkbər Heydərov və Rauf Sultanovun epizodu üzrə şahid Kamil Şükürov ifadə verib. O, “makler” kimi fəaliyyət göstərdiyini deyib: “Rauf Sultanov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində çalışarkən, evə çıxarış verilməsi ilə bağlı 20 min manat pul tələb edib. Mən də bu barədə MTN-nə məlumat verdim. Və sonra pulu ona otağında verən vaxt MTN əməkdaşları tərəfindən həbs olundu”.

Kabinetimə girib, pulu qəfildən stolun üstünə atdılar

R. Sultanov isə rüşvət almadığını, onun həbsi ilə bağlı qəsdən belə bir əməliyyat keçirildiyini deyib: “Mənim kabinetimə girib, pulu qəfildən stolun üstünə atdılar. Mənim heç nədən xəbərim yox idi. Əgər korrupsiya faktı vardısa, bu barədə MTN-ə yox, polisə, prokurorluğa müraciət edilməli idi”.

Zərərçəkən Xəzər rayon icra başçısının sabiq birinci müavini Ələkbər Heydərov isə şahid K. Şükürovun vasitəsi ilə MTN əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığını və bunun üçün 300000 manat pulunun alındığını deyib:

“Mənim heç bir maklerlə əlaqəm olmayıb. Amma bu adamın mənim saxlanılmağımda rolu olub”.

Digər zərərçəkmiş Maqsud Mahmudov MTN əməkdaşları tərəfindən əlindən alınan restoranın məhkəmənin qərarı ilə artıq özünə qaytarıldığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib:

“Mənim tələbim odur ki, Eldar Mahmudov məhkəməyə gəlsin. Bu adamlar kimdi ki, bunlar göstəriş yerinə yetiriblər. Ona görə mən əlimdən alınan pulları onlara bağışlayaram. Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm”.

Növbəti məhkəmə iclası iyulun 21-də keçiriləcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Ana səhifəXəbərlər”MTN işi”: Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm