”MTN işi”: Elçin Quliyev prokuroru şahidi yönləndirməkdə ittiham etdi

“Malik Mustafayev qardaşı Mətləb Mustafayevə görə intihar edib”

Source:
Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi


“Malik Mustafayev qardaşı Mətləb Mustafayevə görə intihar edib”

Avqustun 22-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, onların məhkəmə iclası hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir. İclasda şahidlər ifadə verib.

Zərərçəkmiş Elşən Tağıyevin epizodu üzrə ifadə verən DTX əməkdaşı Xalid Əliyev bildirib ki, E.Tağıyevin saxlanılması ilə bağlı göstərişi MTN-nin sabiq polkoviniki, intihar etmiş İlqar Əliyev verib:

“Biz də klinikanın qabağında həkim Elşən Tağıyevi saxlayıb, normal şəkildə MTN-nə gətirdik. Bu zaman ona qarşı təzyiq olmadı. Mən onu MTN-nə təhvil verib getdim. Qalan məsələlərlə maraqlanmadım. Onu hansı məqsədlə saxladığımızı bilmədim, yalnız tapşırığı yerinə yetirdim”.

Bu zaman prokuror şahiddən vətəndaşın MTN-nə gətirilərkən hansı qaydada təhvil verildiyini soruşub. Şahid isə bunu bilmədiyini deyib.

Təqsirləndirilən Elçin Quliyev isə buna etiraz edərək, prokurora şahidi yönəltdiyini deyib:

“Bizim rayon şöbəsinin əməkdaşı belə nazir və ya nazir müavinin əmri olmadan içəri daxil ola bilməzdi”.

Prokuror da öz növbəsində şahidi yönləndirmədiyini və bunu hər bir əməkdaşın bilməli olduğunu deyib. Hakim də prokurorun fikrini təsdiqləyib.

İclasda zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə bacısının əri Tofiq Hümbətov də şahid qismində ifadə verib. M.Mustafayevin qardaşı əvvəllər MTN-də çalışıb, daha sonra həbs edilib və həbsdə intihar etdiyi deyilir. Onun qardaşı Mətləb Mustafayev isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışıb və o da əvvəllər MTN tərəfindəm həbs edilib. Mətləb Mustafayev iddia edir ki, onun həbsinə sifarişi komitənin rəhbəri Kərəm Həsənov verib. Çünki K.Həsənovla MTN naziri Eldar Mahmudovun yaxın münasibəti olub.

Tofiq Hümbətov deyib ki, onun qayını Malik Mustafayev MTN-də həbsdə olan zaman ona qarşı edilən haqsızlıqlara görə intihar edib. Daha sonra o, evində aparılan axtarış barədə danışıb. Bildirib ki, onlardan əvvəl MTN əməkdaşları səhvən qonşunun evində axtarış aparıblar. Bir neçə gün sonra axşam maşını qarajdan çıxarmaq istəyən zaman isə MTN əməkdaşları onların evinə soxulub və axtarış aparacaqlarını deyiblər:

“Bizə dedilər ki, səs salmayın və qorxmayın. Yoldaşım isə “Quran”ı gətirib and içmələrini istədi ki, evə nəsə qoymayacaqlar. Yoldaşım dedi, əgər nəsə qoysalar, özünü doğrayacaq. Onlar soruşurdular ki, Mətləb Mustafayevlə bağlı hansı məxfi sənədlər var? Axtarış zamanı nəsə tapmadılar, sənədləri imzaladıb getdilər. Bizdən başqa qonşumuz olan qardaşımın da evində axtarış apardılar”.

E.Quliyev isə deyib ki, Mətləb Mustafayev yalnız silah saxladığına görə həbs olunub:

“Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər. Çünki bilmirsən ki, axtarışa gedəndə səni nə ilə qarşılayacaqlar. Bəlkə biri gül-çiçəklə, biri “Quran”la, biri də silahla qarşılayacaq? Malik Mustafayevin intiharı isə qardaşı Mətləb Mustafayevə görə baş verib”.

M.Mustafayev isə E.Quliyevin yalan danışdığını və onda silah olmadığını deyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Ana səhifəXəbərlər”MTN işi”: Elçin Quliyev prokuroru şahidi yönləndirməkdə ittiham etdi