”MTN işi”: Cinayət işi təkrar istintaqa qaytarılmadı

Məhkəmə vəkillərin vəsatətlərini təmin etmədi

Source:


Məhkəmə vəkillərin vəsatətlərini təmin etmədi

Aprelin 27-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.

Vəkillər müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, cinayət işinə xitam verilməsini və işin istintaqa qaytarılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası mayın 4-ə təyin edilib.

Elçin Quliyev

İttihama görə, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı, o, tutduğu vəzifədən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.

Ana səhifəXəbərlər”MTN işi”: Cinayət işi təkrar istintaqa qaytarılmadı