Füzuli Əliyev “kassaya pul atmalısan” dedi
Aprelin 11-də ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Meydan TV-nin məlumatına görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxslərdən Gündüz Əliyev deyib ki, 2002-ci ildən mebel istehsalı ilə məşğul olur: “Mənim Arif Kərimov adlı tanışım var. O, iş sifarişləri gətirirdi və buna görə ona faiz verirdim. 2014-cü ildə Arif Kərimov mənə sifariş gətirdi. Mən həmin sifariş üçün 191 min 850 manat aldım. Bu zaman bizim əyləşdiyimiz kafeyə dörd nəfər daxil oldu. Onlar bildirdilər ki MTN əməkdaşlarıdır və bizi “Sultan” kafesinə apardılar. Orada həmin pulu aldılar və bildirdilər ki, biz qanunsuz fəaliyyətlə məşğul oluruq”.
Zərərçəkmiş şəxslərdən Ələddin İbadov isə bildirib ki, avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğuldur: “2014-cü ildə məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları çağırdılar və külli miqdarda pul istədilər. Bundan əvvəl də məni başqa hüquq-mühafizə orqanları çağırmışdı. Mən də 50 min manata razı oldum və iki dəfə 50 min manat verdim. Hazırda mülki iddianı müdafiə edirəm və pulun qaytarılmasını istəyirəm “.
Zərərçəkmiş şəxslər dəymiş ziyanın ödənilməsini istəyiblər.
Növbəti məhkəmə prosesi aprelin 13-də davam edəcək.
Ələddin İbadov ibtidai istintaqa ifadəsində bəzi məqamlara toxunub.
O, ifadəsində bildirib ki, 2014-cü ilin dekabrın sonunda MTN-in əməkdaşı Natiq Alıyev adını xatırlamadığı tanışı vasitəsi ilə görüşmək istəməsi barədə xəbər göndərib. Onlar keçmiş «Semaşko» xəstəxanasının qarşısında görüşüblər. Natiq Alıyev MTN-in inzibati binasının yaxınlığında yerləşən «Sultan» kafesinə gedib, kabinetlərdən birində oturmağı təklif edib. Natiq Alıyevin yanında tanımadığı daha dörd MTN əməkdaşı olub. Natiq Alıyev söhbət zamanı ona özünü MTN-in şöbə rəisi kimi təqdim edib, «sənin bütün dövriyyəni, alver etdiyin şəxslərin adlarını, nə vaxt, hansı miqdarda mal gətirdiyini, kimlərlə görüşdüyünü bilirik» deyib. Bir qədər sonra MTN-in şöbə rəisi Füzuli Əliyev də həmin kabinetə gələrək ona «kassaya pul atmalısan» deyib, başqa heç bir söz demədən çıxıb gedib.
F. Əliyev getdikdən sonra Natiq Alıyev ona «200 000 manat verməlisən, verməsən, sənə işləməyə imkan verməyəcəyik»- dedikdə o, həmin məbləğdə pulunun olmadığını bildirib. N.Alıyev isə nə qədər pul verə biləcəyini soruşduqda cəmi 50 000 manat verə biləcəyini deyib. Lakin Natiq Alıyev onunla razılaşmayaraq «nə danışırsan, mən bu pulu rəhbərliyə deyə bilmərəm, məbləğ ən azı 100 000 manat olmalıdır» -deyib.
O, 100.000 manata gücünün çatmayacağını bildirdikdə, N.Alıyev «özün bilərsən, ya 100 000 manat verməlisən, ya da biz sənin bütün əlaqələrini bilirik, dövriyyənə nəzarət edirik, səni həbs edərik»- deyib, nə qədər yalvarsa da, Natiq Alıyev aşağı məbləğə razılaşmayıb.
Ə. İbadov MTN-in əməkdaşlarının onu ilişdirib tutacaqlarından qorxduğundan 100 000 manatla razılaşıb və 26.12.2014-cü il tarixdə 100 000 manatı razılaşdıqları kimi, günorta saat 14 radələrində MTN-in binasının yanındakı «Sultan» kafesində, kabinetlərdən birində Füzuli Əliyev və Natiq Alıyevə verib. Pulu aldıqdan sonra Natiq Alıyev ona «mən sənin dövriyyəni və illik gəlirini ilin sonunda yoxlayıb, həmin məbləğdən 2 faizini alacağam» deyib. Ə.İbadov isə Natiq Alıyevə belə olduğu təqdirdə, daha bundan sonra fəaliyyətini dayandırıb, işləməyəcəyini bildirib.
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.