Mirəziz Əsgərovun əmlakına qoyulan həbs götürüldü
Avqustun 7-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən onun əmlakları üzərindən həbs götürülüb, evində aparılan axtarış zamanı müsadirə edilən pulların özünə qaytarılmasına qərar verilib. Ona qarşı zərərçəkmiş şəxsin mülki iddiası rədd edilib və 1 il 6 ay müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən iclasda dövlət ittihamçısı çıxış edərək onun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, o, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir. Bundan əlavə, cəza təyin edilən zaman Əsgərovun azyaşlı uşaqlarının olması, xidmətləri, müsbət xarakterizə edilməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Üzərinə həbs qoyulmuş mülkləri barəsində qanunvericiliyə uyğun qərar verilməlidir.
İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.