MTN generalına qarşı iddia: Ailəmlə ünsiyyətə qadağa qoymuşdu

“Mövlan Şıxəliyev gəlib cavab versin…”

Foto: Azərtac
MTN
MTN


“Mövlan Şıxəliyev gəlib cavab versin…”

Mayın 1-də Səbail Rayon Məhkəməsində MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlan Şıxəliyevə qarşı iddiaya baxılıb. İddiaçı isə 2015-cü ildə MTN əməkdaşlarının həbs etdiyi Mətləb Mustafayevdir. O, 2017-ci ildə bəraət alıb və məhkəmə qərarı ilə təsdiqlənib ki, Mətləb Mustafayev qanunsuz silah saxlamayıb, evinə silahı MTN əməkdaşları ataraq onu qanunsuz həbs edib. Bununla əlaqədar, o, sabiq MTN generalı, Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin işində də zərərçəkmiş qismində tanınıb.

İki ilə yaxın qanunsuz həbsdə saxlanmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalanmasını tələb edən Mətləb Mustafayev azadlıqda olan MTN generalına qarşı 63 min manatlıq iddia qaldırıb. O bildirir ki, haqqındakı cinayət işinin istintaqına bu adam rəhbərlik edib. Mətləb Mustafayevin sözlərinə görə, istintaq dövründə MTN-in təcridxanasında saxlandığı zaman Mövlan Şıxəliyevin göstərişi ilə onun hüquqları pozulub – 16 gün vəkilsiz saxlanılıb, ailə üzvləri ilə telefon danışıqları, görüşləri səkkiz ay qadağan edilib, yaxınları ilə heç bir əlaqəsi olmayıb.

İddiaçı Mətləb Mustafayev məhkəmədə bildirib ki, ona əziyyət verib vəzifəli şəxslərin əleyhinə ifadə almaq istəyirdilər. Onun sözlərinə görə, əvvəlcədən xəbərdarlıq ediblər ki, razılaşmasa, məhkəməyə hansı cəzanı sifariş etsələr, haqqında elə hökm çıxarılacaq:

“Deyirdilər ki, məhkəmələr bizim dediyimizdən heç bir ay da kənara çıxa bilməz”.

Mətləb Mustafayev cavabdeh generalın və onun vəkilinin məhkəməyə gəlməməsinə də etiraz edib. Bildirib ki, Mövlan Şıxəliyevə veriləsi sualları var: “Mövlan Şıxəliyevin vəkili keçən məhkəmədə deyirdi ki, mən həbs olunanda müvəkkili Türkiyədə olub. Guya mən indi Mövlana böhtan atıram. Yaxşı, Türkiyədə olan adam silahın ekspertizaya göndərilməsi barədə sənədə necə imza atıb? Gəlib cavab versin…”

Hakim Nurəddin Bağırov bildirib ki, cavabdeh tərəfə məhkəmə bildirişi göndəriləcək. Məhkəmə mayın 10-da davam edəcək.

Mətləb Mustafayev Mövlan Şıxəliyevlə yanaşı, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu da məhkəməyə verib. Sabiq nazirə qarşı qaldırılmış 100 min manatlıq iddiaya isə Yasamal Rayon Məhkəməsində baxılır.

Ana səhifəXəbərlərMTN generalına qarşı iddia: Ailəmlə ünsiyyətə qadağa qoymuşdu