Türkiyə höküməti Mustafa Sunqurun oğlu və onunla bərabər saxlanılan şəxslərlə bağlı Azərbaycan tərəfinə müraciət edərək sərbəst buraxılmaqlarını xahiş edib
Meydan TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.
Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb.
Saxlanılanların arasında Türkiyənin mərhum din alimi Mustafa Sunqurun oğlu da var.
Türkiyə höküməti Mustafa Sunqurun oğlu və onunla bərabər saxlanılan şəxslərlə bağlı Azərbaycan tərəfinə müraciət edərək sərbəst buraxılmaqlarını xahiş edib.
AKP-nin millət vəkili Səid Uca Haber7-yə verdiyi açıqlamasında bildirib ki, Azərbaycanın təhlükəsizlik qüvvələri səhv ünvana basqın ediblər:
“Azərbaycanın paytaxtı Bakıda təəssüf ki, təhlükəsizlik qüvvələri Risale-i Nur oxunan evə basqın edib. Sözü gedən evdən azərbaycanlılarla birlikdə Türkiyədən qonaq gedən türk vətəndaşları da olub. Risale-i Nur əsərləri Türkiyə höküməti tərəfindən qadağan edilməyib. Prezidentimiz cənab Ərdoğan da Azərbaycan hökümətinə bu əsərlərin cinayət xarakteri daşımadığını və saxlanılan insanların təhlükəli şəxslər olmadığını bildirib. Aralarında mərhum Mustafa Sunqurun oğlu Nurullah Sunqur da var. Saxlanılanların “Paralel Yapı” ilə heç bir əlaqəsi yoxdur.” deyə millət vəkili bildirib.
2012-ci ilin dekabr ayında vəfat edən Nurçuluq təriqətinin liderlərindən biri olan Mustafa Sunqurun cənazəsini prezident Erdoğan şəxsən çiyinlərində daşımışdır.