MTN əməliyyat keçirdi, 15 nəfər saxlanıldı

Təqsirləndirilən şəxslər ölkəyə narkotika gətirməkdə ittiham olunurlar

Source:

Ukrayna və İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə gətirməyə cəhd edən dəstə ifşa olunub.

Bu barədə məlumatı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsi yayıb. Məlumatda bildirilir ki, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək, Azərbaycan ərazisinə ümumilikdə 40 kiloqrama yaxın narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 15 nəfər şübhəli şəxs qismində tutulub.

MTN və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Rahət Cəlil oğlu Əsgərov, Vasif Yaqub oğlu Məmmədov, Bayram Habil oğlu Əzimov, Binnət Vidadi oğlu Cəfərov, Yusif Kamal oğlu Əliyev, Oqtay Muxtar oğlu Mehdiyev, Qara Vidadi oğlu Cəfərov, Elnur Camal oğlu Həsənov, Loğman Şükür oğlu Muradov və Ukrayna vətəndaşı Əli Yusif oğlu Bayramov Ukraynadan narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli şəxs qismində saxlanılıb, onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində AR CM-in 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

MTN tərəfindən narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı daha bir neçə əməliyyat-axtarış tədbiri keçirilib. İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Abuşov Vüsal Mircəfər oğlu saxlanılıb, baxış nəticəsində ondan 3 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Abbasov Məmməd Şura oğlu saxlanılıb, keçirilən baxış nəticəsində ondan 600 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu saxlanılıb, onlardan 720 qramdan artıq tiryək və 10 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.1-ci və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, təkrar törətmə), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılıb. Abuşov Vüsal Mircəfər oğlu, Abbasov Məmməd Şura oğlu, İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərMTN əməliyyat keçirdi, 15 nəfər saxlanıldı