MTN əməkdaşlarının 68 milyonluq əmlakı müsadirə olunub

Akif Çovdarov və digərlərinin dövlətə vurduqları ziyanın məbləği məlum olub

Source:


Akif Çovdarov və digərlərinin dövlətə vurduqları ziyanın məbləği məlum olub

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin törədikləri cinayət əməli nəticəsində dövlətə vurduqları ziyanın məbləği açıqlanıb.

APA-nın əldə etdiyi məlumata görə, onlar Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozublar. 2013-2015-ci illər ərzində 920 000 manat, 455 000 ABŞ dolları və 790.000 avro məbləğlərində dövlət büdcə vəsaitlərini tərtib olunan raport və vəkalətnamələr əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-in Maliyyə İdarəsinin kassasından götürüb əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrasına və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşların və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib ediblər.

Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev izahatında bildirib ki, A. Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 890 000 manat, 405 000 ABŞ dolları, 790 000 avro məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparmadan A. Çovdarova verib. O, izahatında qeyd edib ki, A. Çovdarovun göstərişi əsasında birdəfəlik pul vəsaitləri ilə mükafatlandırılmaları üçün barələrində müvafiq raportlar yazdığı şəxslərin heç birini tanımır. Həmin raportlar A. Çovdarov tərəfindən nazirə məruzə edildikdən sonra 2014-cü ildə məhv edilib.

Həmin idarənin I İdarəsinin hazırda həbsdə olan rəisi Səlim Məmmədov isə izahatında qeyd edib ki, müvəqqəti cəlb olunmuş bir nəfər tanımadığı, heç bir əməliyyat məlumatı almadığı vətəndaşın mükafatlandırılması üçün A. Çovdarovun verdiyi vəkalətnamə əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 50 000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparılmadan A. Çovdarova verib. O, həmin pulun kimə verilməsindən məlumatı olmasa da, A. Çovdarovun göstərişi əsasında pulun müvəqqəti cəlb olunmuş bir nəfərə verilməsi barədə həqiqətə uyğun olmayan hesabat sənədi yazaraq Maliyyə İdarəsinə göndərib.

İstintaq zamanı müəyyən edilib ki, ümumilikdə 2 917 300 manata bərabər külli miqdarda pul vəsaiti qulluq mövqeyindən istifadə edilməklə vəzifə saxtakarlığı ilə mənimsənilib.

İttiham aktında qeyd olunub ki, Akif Çovdarov istintaqa məlum olmayan mənbədən soyuq silah hesab edilən dəyənəkləri qanunsuz əldə edərək yaşadığı evdə saxlayıb.

A. Çovdarov və iş üzrə təqsirləndirilən digər şəxslər «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçiriblər.


Akif Çovdarovun qızı və oğlunun istintaqa ifadələri – İTTİHAM AKTINDAN

APA-nın məlumatına görə, şahid qismində dindirilmiş Qasımova Aidə Akif qızı ifadəsində göstərib ki, MTN-nin sabiq baş idarə rəisi Akif Çovdarovun böyük qızıdır, 1998-ci ilin noyabr ayında Qasımov Rövşən İsa oğlu ilə evlənib və birgə nikahdan 2 qız övladı olub.

2005 və ya 2006-cı illərdə Rövşən Qasımov Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən meyvə-tərəvəz bazarının yarı hissəsini uzun müddət münasibətdə olduğu Elşən Hüseynov adlı şəxslə şərikli olaraq almaq istəyib. Həmin vaxtlarda əri ilə birlikdə onun biznes işləri ilə əlaqədar Rusiya Federasiyası Yekaterinburq şəhərində olub. Rövşən hissə-hissə 110.000 ABŞ dolları məbləğində pulu Elşənə verib. 2006-cı ildə Bakı şəhərinə köçüblər. Rövşən Rusiyadakı biznesini də Bakıdan idarə etməyə başlayıb, bazarla bağlı hər bir səlahiyyət faktiki olaraq Elşəndə olub. 2013-cü ildə Rövşən onu Binəqədi rayonunda köhnə polis idarəsinin qarşısında yerləşən notariusa aparıb, orada müəyyən sənədlərə imza edib. Sonradan ərinin deməsinə görə imzaladığı sənədlər Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən “Nəzrin E MMC”-nin tərkibində olan meyvə-tərəvəz bazarının 50 faizinin Elşən Hüseynovun adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı olub. Hazırda həmin bazarın 50 faiz pay hissəsi onun adınadır, digər 50 faiz hissəsi isə MTN-in nazir müavini Hilal Əsədovun arvadı Nüşabə Əsədovaya məxsusdur.

Şahid qismində dindirilmiş Çovdarov Ruslan Akif oğlu ifadəsində göstərib ki, “Nəzrin E” MMC-yə məxsus Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarı kürəkəni, Rövşən Qasımovun yaxın dostu Elşən Hüseynov tərəfindən 2006-cı ildə alınıb. Lakin bazarın 50 faizini alıb. Sənədlə bazarın 50 faiz payı Elşən Hüseynovun adına rəsmiləşdirilsə də, Elşənə pulun çox hissəsini kürəkəni Rövşən Qasımov verib, sonradan isə Elşən həmin bazarı kürəkəni Rövşən Qasımova versə də, rəsmiləşmə onun bacısı  Aida Qasımovanın adına aparılıb. Hazırda bazarın 50 faizi bacısı Aida Qasımovanın adına, digər 50 faizi isə bildiyinə görə Ənvər Məmmədov adlı şəxsə məxsus olub. Hazırda həmin payın kimə məxsus olduğunu bilmir. Özünün həmin bazarda heç bir payı yoxdur. Ümumiyyətlə isə  “Nəzrin E” MMC-in fəaliyyəti ilə bağlı heç bir rolu olmayıb. Atası Akif Çovdarovun xidməti fəaliyyətindən məlumatı yoxdur. Ondan iş fəaliyyəti ilə bağlı heç bir şey soruşmayıb.

Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərMTN əməkdaşlarının 68 milyonluq əmlakı müsadirə olunub