MTN-ə qarşı daha bir iddia



“200-ə qədər epizod üzrə oğlumun günahsız olduğunu sübut edən audio və video sənədlərin istintaqdan yayındırılmasının şahidi oldum”

“İttiham aktı 13 aprel 2011-ci il tarixdə saat 11:30-da Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin şöbə rəisi, ədliyyə mayoru Ağayev  Təhsin Mirmükərrəm oğlu tərəfindən Bakı şəhərində tərtib edilməyə başlanmışdır”.

Bu sətirlər Seyfəddin Vəliyevin övladı Muxtar Vəliyevin cinayət işindəndir.

İxtisasca inşaatçı memar olan Seyfəddin Vəliyev oğluna görə müraciət etmədiyi ünvan, döymədiyi qapı qalmadığını deyir. Onun sözlərinə görə, oğlu qanunsuz olaraq həbs olunub, 13 il müddətinə azadlıqdan məhrum edilib:

“Oğlumu Milli Təhlükəsiz Nazirliyinin işçiləri həbs edib. Onu nazirliyin təcridxanasında saxlayıblar. Orda ona müxtəlif cür işgəncələr veriblər. Oğlum deyirdi ki, məni gecəyarısı oyadıb sorğuya aparırdılar. Kameraya monoton musiqilər qoyulub, tez-tez işıqlar söndürülüb-yandırılmaqla təkadamlıq kamerada saxlanılıb. Onun təcridxana rəhbərliyinə etdiyi çoxsaylı müraciətlər də ünvanına çatdırılmayıb. Nəticədə oğlumun əsəbləri pozulub və o, birinci instansiya məhkəməsi dövründə Penitensiar Xidmətin 1 saylı Bakı Təcridxanasında intihara cəhd edib. Onun biləklərində olan kəsiklərə baxmaq kifayətdi”.



Bəs hansı cinayət işindən və cinayətdən söhbət gedir?

Muxtar Vəliyev 7 dekabr 2009-cu ildə şübhəli şəxs qismində tutulub, dekabrın 9-da isə barəsində həbs-qətimkan tədbiri seçilib. O, bir qrup şəxslə əlbir olub dələduzluqla məşğul olmaqda, külli-miqdarda vəsait mənimsəməkdə, vergidən yayınmaqda ittiham olunub.  Atanın bildirdiyinə görə, oğlunun günahsızlığını sübut edən sənədlər və video çəkilişlər var. Belə ki, “Master Dizayn” adlı MMC yaradan oğlu dövlət sifarişli, eləcə də özəl müəssisələr üçün layihələr hazırlayıb. Dövlət sifarişli layihələrdən biri Sumqayıt şəhərində yerləşən Tarix Muzeyinin yenidən qurulması ilə bağlı olub. M.Vəliyevin dizaynına əsasən 2009-cu ildə Tarix Muzeyi yenidən qurulub. Sifarişi Sumqayıt Şəhər İcra Hakimiyyəti verib.

S.Vəliyev qeyd edir ki, bir qrup şəxs – Arif  Hüseynov, Kamil Seidov, Rövşən Rəhimov, Rauf Axundov, Malik Mehtiyev, Anar Abbasov, Vaqif  Ələkbərov, Nadir Qasımov, Elçin Zülfüqarov və Bayram Hüseynov əlbir olaraq onun oğlunu aldadıblar. Bakı şəhərində  bir sıra məşhur layihələrin hazırlanmasında iştirak edən “Master Dizayn” şirkətinin telekanallarda reklamı gedib. Həmin reklama əsasən onun oğlunu Arif  Hüseynov və Kamil Seidov tapıb. Onlar özlərini M.Vəliyevə Heydər Əliyev Fondunun işçiləri kimi təqdim ediblər. Fondun əməkdaşları olaraq da müxtəlif vaxtlarda qurumun həyata keçirəcəyi layihələrin eskizlərini hazırladıblar. Bütün işlər isə müqavilə əsasında həyata keçirilib. S.Vəliyev vurğulayır ki, oğlunun ofisində olan bütün sənəd və müqavilələr MTN-in işçiləri tərəfindən götürülüb. Onun fikrincə, oğlunun günahsızlığını həmin sənədlərə əsasən sübut etmək mümkündü: “Bütün görəcəyi işlərlə bağlı müqavilə imzalanıb. Əsasən də layihələrin eskizlərini hazırlayıb. Muxtarın HP markalı kompyüterinin yaddaşında “Kamil”, “Kamil Gimnastika” qovluqları olub. Bundan başqa, Seidov Kamil və qeyriləri tərəfindən aparılan danışıqların video faylları olub. Videonun steonoqramını çıxarmaq təsdiq edərdi ki, Muxtar günahsızdı. Ancaq bu faktlar protokolda saxtalaşdırılıb. Niyə?”



Ata məhkəməyə buraxılmır

S.Vəliyev MTN tərəfindən aparılan istintaq işi yekunlaşdıqdan sonra oğlunun məhkəmələrinə buraxılmadığını da qeyd edib. Ataya məhkəmələrə buraxılmamasının səbəbləri açıqlanmayıb.

S.Vəliyev  məhkəməyə oğlunun ittiham olunduğu maddələr üzrə zərərçəkmiş qismində dəvət olunacaq şəxslərin çağırılmadığını da deyir: “Çünki bu adamlar hamısı tenderi udmaq üçün rüşvət verib. Sifarişçi də Heydər Əliyev Fondu olmalı imiş. Mən düşünürəm ki, ya bu adamların fondla əlaqəsi olub, orda işləyiblər, ya da fondun öz işçilərindən kimsə bu adamlarla əlbir olub. Onlar necə bilə bilərdilər ki, Heydər Əliyev Fondu bina və qurğuların tikilməsi üçün layihələrin hazırlanmasının bir qismini “Attila” kiçik müəssisəsinə həvalə edib? Həmin müəssisə ilə Şirvan şəhərinin Bayramlı qəsəbəsində 600 şagirdlik məktəbin layihə- smeta sənədlərinin hazırlanması barədə 1 iyun 2007-ci ildə müqavilə bağlamaqla məktəbin eskiz layihəsini əldə ediblər. Hadisələr 2007-ci ildə olub. Həmin vaxtı da satınalmalar barədə məlumat internetdə dərc olunmurdu. İstintaq bu işləri araşdırmadı”.

S.Vəliyevin Meydan TV-yə təqdim etdiyi materialdan çıxarış:

“Kamil Seidov 2008-ci ilin yanvar-fevral aylarında tikinti işləri ilə məşğul olan Həsənov İxtiyar Zakir oğluna Heydər Əliyev Fondu tərəfindən Şirvan və Zaqatala rayonlarında inşa ediləcək orta məktəb tikintisini ona həvalə etdirə biləcəyini yalandan vəd edərək, ilkin layihə-smeta sənədləri, mühəndis-geoloji rəylərinin hazırlanması üçün 85.000 ABŞ dolları tələb olunduğunu bildirib və sonuncudan aldatma yolu ilə Bakı şəhərində 2008-ci ilin yanvar ayında 45.000 ABŞ dolları, fevral ayında isə 40.000 ABŞ dolları, cəmi 85.000 ABŞ dolları (76 min 806,5 manat), 2008-ci ilin yay aylarında isə guya layihə-smeta sənədlərinin hazırlanması üçün əlavə olaraq 500 manatı, ümumilikdə isə 77.306,5 manat məbləğində özgə əmlakı olan pul vəsaitini ələ keçirməklə dələduzluq edib.

Bundan başqa, 2008-ci ilin aprel ayının ortalarında Arif Hüseynov Kamil Seidovla qabaqcadan əldə edilmiş razılığa əsasən mütəşəkkil dəstənin tərkibində təkrarən külli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə cinayətkar fəaliyyətini davam etdirərək əldə etdiyi 600 şagird yerlik orta ümumtəhsil məktəb binasının eskiz layihəsini “Tan İnşaat Taahhüd Sanayi ve Ticaret A.Ş”-nin Azərbaycandakı filialının direktoru Tangudur Sevinc Mahmudəli qızına təqdim edərək, ona Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Şirvan, Zaqatala və Balakən rayonlarında inşası planlaşdırılan 600 şagirdlik orta ümumtəhsil məktəblərinin tikinti sifarişinin ona həvalə edilməsini təşkil edəcəyini yalandan vəd edərək, Heydər Əliyev Fonduna təqdim etmək adı ilə sonuncudan Fonda ünvanlanmış məktub almış və yaxın müddətdə fond tərəfindən cavab məktubunun ona tədim ediləcəyini bildirməklə 18 aprel 2008-ci ildə Sevinc Tangudurdan 80 000, dörd gün sonra isə daha 160 000 ABŞ dolları, cəmi 240 000 ABŞ dolları (199 248 manat) məbləğində pul vəsaitini ələ keçirmişlər”.

S.Vəliyevin sözlərinə görə, cinayət işində zərəçəkmiş qismində adı keçən şəxslərdən yalnız bir nəfəri məhkəmədə ifadə verib. Onların heç biri məhkəməyə gəlməyib və rüşvət vermə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmayıblar:

“9 ay müddətində istintaq əməllərinin xüsusi qərəzliliklə aparılmasının, istintaq orqanı əməkdaşlarının oğlumun ofisindən dəlil kimi götürdükləri, yaddaşında bütün sifarişçilərlə işgüzar görüşləri və telefon danışıqlarını özündə əks etdirən 200-ə qədər epizod üzrə oğlumun günahsız olduğunu sübut edən audio və video sənədlərin istintaqdan yayındırılmasının şahidi oldum. Oğlum Muxtar Vəliyevin və vəkilinin məhkəmədə sənədlərin araşdırılmasına dair çoxsaylı müraciətlər, tələblər və vəsatətləri nəzərə alınmadı. Sənədlərin bir hissəsi disklərə və yaddaş kartlarına köçürülərək, istintaqa kömək məqsədilə steonoqramlarını da tərtib edərək, MTN-in Metodik Yardım və Kriminalistika Şöbəsinə 20.09.2010 tarixli vəsatətlə təqdim edilib. Eyni məzmunlu 20.09.2010-cu il tarixli vəsatət Respublika Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər qurumlara göndərilib. Ancaq heç bir faydası olmayıb. Mən bir ata olaraq ölkə rəhbərliyindən Muxtar Vəliyevin  işinin ədalətlə araşdırılmasını xahiş edirəm. Onun 3 övladı 6 ildir ki, atalarının yolunu gözləyir”.

Ana səhifəVideoMTN-ə qarşı daha bir iddia