“MTN-də məni zorlamaqla hədələdilər”


Pərviz Həşimli məhkəmədə ifadə verdi

11 martda Bakı Ağır Cinayətlər Məhkməsində jurnalist Pərviz Həşimli ifadə verib. O ifadəsində bildirib ki, ona verilən ittihamlarla özünü təqsirli bilmir. “İfadəni mənim əvəzimdən MTN-in müstəntiqi yazıb. Mən o ifadəyə qol çəkməmişəm. Mən günahsızam, heç bir cinayət törətməmişəm”.

Jurnalist deyib ki, MTN-in əməkdaşları onu həbsindən bir ay əvvəl izləməyə başlayıblar. O saxlanılarkən izləndiyi maşında aparılıb. P.Həşimli həbsindən bir gün öncə ABŞ səfirliyinə həbs təhlükəsinin olduğunu yazıb. Həmin gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə də məktub yazaraq onun haqqında yanlış informasiyalar verildiyini deyib. “MTN rəhbəri İlham Əliyevə yalan məlumat verir. Guya mən MTN-in keçmiş müavini, indi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyevdən, deputat Cavid Qurbanovdan pul alıb müxalifətə verirəm. Antiterror mərkəzinin rəisi Elçin Quliyev “Quran” kitabın gətirdi ki, buna əl bas ki, pul çatdırmamısan. Əlimi kitaba qoyub dedim ki, mən pul göndərməmişəm”.

Jurnalist MTN-də onu işgəncə ilə təhdid etdiklərini deyib. “Məni bir otağa apardılar, içərisində işgəncə alətləri var idi. Onların hər biri barəsində mənə danışırdılar. Bununla mənə psixoloji təzyiq göstərirdilər. MTN-də çalışan İlqar Əliyev mənə dedi ki, sənin evinə göndərdiyimiz başı maskalı adamlara “ayıboğanlar” deyirlər. Bizim dediyimizi yazmasan, səni onlara zoraltdıracam”.

O deyib ki, digər təqsirləndirilən Təvəkkül Qurbanovu Gəncədə İlqar adlı şəxs tanışdırıb. T. Qurbanov oğlununun İqtisad Universitetində oxuduğunu və kəsrlərinin olduğunu deyib. O jurnalistdən xahiş edib ki, ona kömk etsin. P. Həşimli oğlunun universitetdəki korrupsiya ilə bağlı ona yazmasını təklif edib. Bu məsələni ictimailəşdirib həllinə çalışacağını deyib. “ Təvəkkül yenə mənə zəng elədi ki, Bakıya gəlmişəm, necə görüşə bilərik? Dedim ki, gəl ofisə. Əgər mən onun silah gətirdiyini bilirdimsə, o zaman niyə bir otaqda 8-9 nəfər jurnalistin işlədiyi ofis ə dəvət edirdim? “.

Məhkəmə prosesi 13 mart saat 10:30-a təxirə salınıb.

Sevinc Vaqifqızı

Ana səhifəVideo“MTN-də məni zorlamaqla hədələdilər”