MSŞA üzvləri beynəlxalq idarə heyətinə çağırış edib

“Azərbaycanın vətəndaş cəmiyyətinin problemlərinin həlli barəsindəki öhdəliklərini icra etmir”

Source:


“Azərbaycanın vətəndaş cəmiyyətinin problemlərinin həlli barəsindəki öhdəliklərini icra etmir”

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası (MSŞA) Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinə müraciət ünvanlayıb.

Məlumatı MSŞA üzvü Akif Qurbanov yayıb.

Müraciətdə Azərbaycanın vətəndaş cəmiyyətinin problemlərinin həll olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi deyilir.

Müəlliflər yazırlar ki, MSŞA QHT Koalisiyası MSŞT üzrə beynəlxalq idarə heyətinin 36-cı iclası öncəsi üzvlərinin problemlərini üzv təşkilatlarından alınan məlumatlar əsasında ümumiləşdirərək sistemli təhlil edib. Sorğu əsasında əldə edilən cavablardan doğan problemlər bunlardır:

1) Koalisiya üzvü olan 30-dək QHT dövlət qeydiyyatına alınmayıb;

2) 2014-cü ildən indiyədək olan müddətdə imzalanmış 12 qrant müqaviləsi və ya ona əlavələr qeydiyyata alınmadığından icra olunmur;

3) Koalisiya üzvü olan 4 nəfər indiyədək xaricə səfər edərkən və geri dönərkən sərhəd məntəqələrində yoxlamalara məruz qalır;

4) Koalisiyanın 2 üzv təşkilatının üzərindən vergi cəriməsi hələ də götürülməyib. 3 üzv təşkilatın bank hesabındakı vəsaiti Vergilər Nazirliyi təşkilata məlumat vermədən silib;

5) Koalisiyan 1 üzv təşkilatı indiyədək dəfələlə müraciət etsə də, ona Ədliyyə Nazirliyi reyestrdən çıxarış verməyib;

6) Koalisiyanin 2 üzvü qanunsuz həbs həyatı yaşayır. Onlardan birinə qeyri-adekvat cəza verilib, digərinə isə sadəcə yazdığı “Facebook” statusuna görə ağır cəza kəsilib. İkisi birlikdə 16 il müddətə azadlıqdan məhrum edilib;

7) Koalisiyanın 1 üzvünə qarşı açılmış cinayət işinə hələ də xitam verilməyib, digər 1 üzvün cinayət işinə xitam verilsə də ona pasport verilmir və ölkədən çıxışına yasaq qoyulub. 3 üzvü isə hələ də ölkəyə gələ bilmir.

“Bununla yanaşı, Dövlət Neft Fondunun timsalında hökumət Koalisiyanın daxili işlərinə müdaxilə edir. Koalisiya Şurası 2017-ci il üçün Çoxtərəfli Qrupa yeni üzvlər seçsə də, onlara hələ də fəaliyyət imkanları yaradılmayıb. Bir neçə dəfə rəsmi müraciət olunsa da, MSŞT üzrə fəaliyyət planının tələbinə baxmayaraq, MSŞT üzrə Hökümət Komisiyyasının sədri Koalisiya Şurası üzvləri ilə görüşüb müzakirələr aparmayıb”, – deyə müraciətdə qeyd olunub.

MSŞA üzvləri vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 2016-cı il maliyyə yardımı üzrə 1-ci müsabiqə çərçivəsində MSŞA QHT Koalisiyasına institusional və proqram dəstəyinin təmin edilməsi ilə bağlı 15000 AZN (9000 USD) vəsait ayrılmasına dair qərar qəbul edilsə də, sonradan həmin müqaviləyə birtərəfli qaydada QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən xitam verilib.

“Artıq 1 ildir ki, MSŞA Koalisiyası maliyyə təminatı olmadan çətinliklə fəaliyyət göstərir. Bundan əlavə QHT-lərə Dövlət Dəstəyi Şurası builki müsabiqə mövzuları siyahısından MSŞT-nı çıxarıb. MHŞT İdarə Heyətinin 26 oktyabr 2016-cı ildə il Astanada keçirilən 35-ci toplantısında qəbul edilmiş islahedici tədbirlər planının icra vəziyyəti MSŞA QHT Koalisiyasıda təmsil olunan hüquqşünaslar tərəfindən qiymətləndirilmiş və belə nəticəyə gəlinmişdir ki, xarici donorların qrantvermə hüququnun əldə olunması və qrantların qeydiyyatı prosedurlarında texniki sadələşdirilmə edilsə də, qüvvədə olan qanunlarda hər hansı dəyişiklik edilmədiyinə görə İH-nin 3 tələbinin heç biri yerinə yetirilməyib. Belə ki, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə qərarlar qəbul olunub. Lakin ölkə Konstitusiyasına görə, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qanunlardan aşağı hüquqi qüvvəyə malik olduğuna, qanunlarda məhdudlaşdırıcı hallar aradan qaldırılmadığına görə Qərarlardan irəli gələn düzəlişlər QHT-lərin fəaliyyəti üçün mövcud hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlarda məhdudlaşdırıcı müddəalar aradan qaldırılmayacağı halda nə huquqi mühitin və nə də praktiki fəaliyyət durumunun dəyişməsindən danışmaq mümkün deyi. Bununla yanaşı, QHT-lərin fəaliyyətinin yoxlanmasını nəzərdə tutan Ədliyyə Nazirliyinin 28 dekabr 2015-ci il, 11 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları” da hələ qüvvədədir. Bu qaydalar inzibati orqana QHT-lərin fəaliyyətinə geniş müdaxilə imkanı verir”, – müraciətdə bildirilir.

MSŞA hökumətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək, İdarə Heyətini Azərbaycanla bağlı obyektiv qərar verməyə çağırıb: “MSŞA Koalisiyası yuxarıda qeyd olunan mövcud problemləri nəzərə alaraq, MSŞT İdarə Heyətini MSŞT Standartlarına uyğun davranmağa çağırır və Azərbaycanla bağlı MSŞT Standarları, tələbləri və qaydaları əsasında qəbul ediləcək qərarın onlar üçün məqbul olacağını bildirir”.

Ana səhifəXəbərlərMSŞA üzvləri beynəlxalq idarə heyətinə çağırış edib