MSŞA hökumətə çağırış etdi: Ekspertlərin iştirakına şərait yaradılsın, regiona səfər təşkil edilsin…

İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası. Mənbə: “aqrarpress.az”

Koalisiya Mövqe sənədi yaydı

İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası (MSŞA), Azərbaycan hökumətinin Dəmirli və Qızılbulaq mədən yataqlarında monitorinq aparılmasını dəstəkləyir. Həmçinin rus “sülhməramlıları”nın yaratdığı maneəni dəf edə bilmək üçün bu sahədə peşəkarlaşmış vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməsini, onlarla aparılan  bu görüşlərdə MSŞA Koalisiyasının ekspertlərinin iştirakına şərait yaradılmasını tövsiyə edir.

Bu fikirlər koalisiyanın yaydığı Mövqe sənədində yer alıb.

MSŞA Koalisiyası Dəmirli və Qızılbulaq yataqlarında hasilat işlərinin dərhal dayandırılmasını tələb edir və Vətəndaş Cəmiyyəti nümayəndələrinin də iştirakı ilə həmin yerlərdə təcili monitorinq aparılması,  araşdırmadan sonra bu mədənlərin necə istismar olunması ilə bağlı beynəlxalq, həmçinin yerli ictimaiyyətə məlumat verilməsinin vacibliyini vurğulayır.

Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir.

Elə həmin gün və dekabrın 7-də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı Xocalıda görüş keçirib. Həmin müddətdə Qarabağı Ermənistana birləşdirən yeganə avtomobil yolu qapadılıb.

Məsələ hər iki ölkənin gündəmindəki əsas mövzu olub.

MSŞA hesab edir ki, Azərbaycan hökumətinin öz ərazisində yerləşən  faydalı qazıntı yataqlarına, o cümlədən, Ağdərə ərazisində yerləşən mineral ehtiyatlarla zəngin olan ərazilərə – Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına getmək, yerində baxış keçirmək üçün Rusiya sülhməramlı kontingentinin komandanlığıdan icazə almaq çabası və onların da bu qanuni tələbin yerinə yetiriməsinə şərait yaratmaq əvəzinə məsələni əsassız müzakirə predmetinə çevirməsi xüsusi narazılıq doğurur.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkənin ən zəngin faydalı qazıntı yataqları uzun müddət işğal altında olmuş  Qarabağ ərazilərində yerləşir. Bu ərazilərdə 150-dən çox müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, eləcə də, respublikanın iqtisadi potensialında mühüm rol oynaya bilən digər mineral ehtiyatlarla zəngin yataqlar mövcuddur. 

“Bildirmək istərdik ki, bu günlər baş vermiş olaylarla ictimaiyyətin diqqətində olan  Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı isə 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin, Canyataq-Gülyataq qızıl yatağı mövcud olub”, – Mövqe sənədində vurğulanır.

MSŞA-nın araşdırmasına görə, 2012-ci il noyabr ayının sonunda Dəmirli (Kaşen) yatağında açıq mədənçilik işlərinə və 2013-cü il mayın 1-dən filiz istehsalına başlandıqdan sonra müntəzəm olaraq bu yataqlardan gündə 2 min ton həcmində filiz Drmbon dağ-mədən zavoduna aparılaraq emal edilib:

“Dəmirli  yataqından filiz emalının həcmini  nəzərə alaraq ermənilər Drmbon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücünü iki dəfə – 350 min tondan 700 min tona qədər çatdırmışdılar. Hazırda da Drmbon dağ-mədən zavodu ildə 600 min ton Kaşen filizi və 100 min ton Drmbon filizi emal edə bilir. Buradan əldə olunan gəlir qondarma respublikanın büdcəsinin 11-15 %-ni təşkil edirdi və eyni zamanda, hazırlanmış xammal Ermənistana daşınaraq onlara xeyli gəlir qazandırırdı. İşgaldan azad olunduqdan sonra da (Qarabağda rus sülhməramlıların yerləşməsinə baxmayaraq)  bu mədənlərdə qanunsuz fəaliyyətlərin davandırılmaması-  həm sərvətlərimizin talan olunması, həm də  hər gün ətraf mühitə minlərlə ton çirkləndirici maddələrin atılmasi ilə bağlı yayılan informasiyalar ictimaiyyətin narahatlığını daha da artırır”.

MSŞA Koalisiyası Azərbaycanın bu sahədəki mövqeyinin beynəlxalq səviyyədə müzakirə müstəvisinə çıxarılma imkanlarının məhdudlaşdırılmasından da narahatdır:

 “Azərbaycan hökuməti 2017-ci ilin martında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk  etməsinə rəğmən, Ermənistan  həmin ildə bu mötəbər təşkilata qoşulmuşdur. Bununla da Azərbaycan hökuməti, yanlış olaraq, özünütəcrid yolunu seçərək ölkəmiz üçün vacib olan bir sıra məsələlərdə, xüsusilə, qiymətli metal yataqlarımızın ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınması, xarici şirkətlərin ermənilər tərəfindən bu prosesə cəlb edilməsi və hasilat sənayesi ilə bağlı digər  mühüm məsələrin həllində MHŞT kimi nüfuzlu bir platformanın dəstəyindən özünü  məhrum etmişdir.  Halbuki, MHŞT-nin strategiyasındakı mədən hasilatı şirkətlərindən təbii sərvətlərin hasilatında yalnız ərazi üzrə beynəlxalq qurumların tanıdığı hüquqi idarəçiliyə malik dövlətlə müqavilə bağlamaq tələbinin olması da bu məsələdə Azərbaycanın mövqeyinin dəstəklənəcəyinə əsas yaradırdı”.

MSŞA vurğulayır ki, “işğala məruz qalmış, qanuni inzibati idarəçiliyi itirilən və hüquqi statusu hələ də naməlum qalmış ərazilər haqqında” Cenevrə Konvensiyasına əsasən, münaqişə nəticəsində uzun müddət işğal altında qalmış və faktiki statusu hələ də tam aydın olmayan ərazilərdə sirkətlərin  mədən hasilatı ilə məşğul olması qadağandır: “İşğalçı dövlətin işğala məruz qalmış ərazinin hər hansı bir təbii resurs qaynağını və əmlakını öz iqtisadiyyatının xeyrinə istismar etməsi üçün qanuni səlahiyyəti yoxdur”.

MSŞA Koalisiyası, həmçinin, Azərbaycan hökumətindən Qarabağın işğaldan azad edilmiş digər ərazilərində yerləşən mineral yataqlar (Zəngilan rayonundakı Vejnəli,  Kəlbəcər rayonundakı Zod  və s.) üzrə bağlanmış müqavilə şərtlərini açıqlamağı istəyir.

Koalisiya Azərbaycan hökumətinə çağırış edir:

  • Bu yataqlarda da aparılan  istismar-istehsal fəaliyyətləri və bunların ətraf mühitə olan təsirlərini müəyyənləşdirmək üçün Vətəndaş Cəmiyyəti təmsilçilərinin bu regionlara  səfərləri təşkil dilsin;
  • mineral yataqların yerləşdiyi ərazilərin real vəziyyətinin və görülmüş işlərin monitorinq-qiymətləndirməsini həyata keçirmək üçün müvafiq şərait yaradılsın;
  •  MHŞT-yə üzv olmaq üçün yenidən müraciət edilsin;
  • bu gün və gələcəkdə ehtimal olunan problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması və zəruri  beynəlxalq dəstəyin alınmasında Vətəndaş Cəmiyyəti ilə real əməkdaşlıq edilsin.

MSŞA Koalisiyası, beynəlxalq təşkilatlara da çağırış edib:

“MSŞA beynəlxalq qurumları- hökumətlərarası təşkilatları, beynəlxalq insan hüquq və azadlıqları təşkilatlarını, eləcə də MSŞT  üzrə Beynəlxalq Katibliyi, Beynəlxalq “Ödədiyini Açıqla”  Hərəkatını   məsələnin hüquqi tərəflərini diqqətə alaraq  Ermənistana  və Qarabağda  qanusuz fəaliyyət göstərmiş, hazırda da orda fəaliyyət göstərən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi prosedurlar həyata keçirməyə səsləyir”.

Ana səhifəSiyasətMSŞA hökumətə çağırış etdi: Ekspertlərin iştirakına şərait yaradılsın, regiona səfər təşkil edilsin…