MSK: ReAL Partiyasının topladığı imzaları yoxlamaq üçün İşçi Qrupu yaradılıb

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq

Source:


İmzaların düzgünlüyü yoxlanılacaq

Mərkəzi Seçki Komissiyası (MSK) ReAL Partiyasının bir neçə qanunun qəbulu üçün Milli Məclisə təqdim etdiyi 41500 imzanın yoxlanılmasından ötrü İşçi Qrup yaradıb.

Bu barədə məlumatı MSK-nın mətbuat xidməti yayıb.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq.

İşçi qrupunun tərkibində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq. MSK üzvü Etibar Əliyev isə İşçi qrupunun əlaqələndiricisi təyin olunub.

Qeyd olunub ki, proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

ReAL Partiyası qanunvericiliyə dəyişiklik edilib, 2015-ci il devalvasiyasından sonra formalaşan kredit borclarının dövlət tərəfindən ödənilməsini, təhsildə dərin islahatlar aparılmayana qədər ali təhsilin pulsuz olması, paytaxt haqqında konstitusiya qanununun qəbul edilib, Bakının merinin seçilməsini təklif edir.

Partiya imzatoplamaya 2018-ci il noyabrın sonunda başlayıb. Fevralın 28-də partiyanın sədri

İlqar Məmmədov

mətbuat konfransı keçirərək kampaniya haqda məlumat verib.

Partiya sədri 3 ayda 41 min 658 imza topladıqlarını söyləyib:

“İmzaların 48 faizi paytaxtdan kənarda toplanmışdı, amma bütün imzaların 60 faizi bölgələrdəndir. Qalan 40 faiz imza verən isə Bakıda qeydiyyatdadır. Yaxın günlərdə imzalar Milli Məclisə təqdim olunacaq. Milli Məclis 2 ay ərzində münasibət bildirməlidir”.

ReAL Partiyasının sədri deyib ki, onlar 3 təşəbbüsü əhatə edən 2 qanun layihəsi üzrə imzatoplama kampaniyası keçiriblər:

“ 2015-ci il devalvasiyasından doğan kredit borclarının dövlət tərəfindən ödənilməsi üzrə təklif edirik ki, 700 minə qədər bank müştərisini əhatə edən problemi dövlət hesabına çözmək lazımdır. Bunun üçün 1 milyard 700 milyon vəsait lazımdır. Layihədə vəsaitin mənbəyi də göstərilib. Bu problemlərdən həm vətəndaşlar, həm iş adamları və həm də banklar əziyyət çəkir”.

İkinci təşəbbüs üzrə İ.Məmmədov deyib ki, Azərbaycan təhsilində dərin islahatlar aparılmayana qədər ali təhsil pulsuz olmalıdır və hər il bunun üçün 150 milyon manat əlavə pul lazımdır.

Paytaxt haqqında konstitusiya qanununa gəldikdə isə, o deyib ki, Bakı şəhərinin başçısının xalq tərəfindən seçilmiş şəxs olmasını istəyirik.

Ana səhifəXəbərlərMSK: ReAL Partiyasının topladığı imzaları yoxlamaq üçün İşçi Qrupu yaradılıb