MSK-nın qarşısına “Fu Məzi” yazan gəncin təcridxanada döyüldüyü bildirilir

Polislər F.İsmayılovu Suraxanı rayon Məhkəməsinin binasından çıxarıb maşına mindirərkən o, jurnalistlərə deyib

Source: Meydan TV



Fuad deyib ki, bazar günündən bazar ertəsinə keçən gecə, səhərə kimi döyüblər”

Son parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara “Fu Məzi” yazmış gənc fəal Fuad İsmayılov ailə üzvlərinə təcridxanada iyunun 21-dən 22-nə keçən gecə bir neçə saat döyüldüyünü deyib. Bu barədə sosial mediada ictimai fəallar məlumat yayıb:

“Fuad İsmayılov on gündən çox idi ki, zəng eləmirdi. Bu da onun durumuyla bağlı narahatlıq yaradırdı. Məsələ sosial şəbəkələr vasitəsilə ictimailəşəndən sonra Fuadı anası ilə danışdırıblar. Fuad deyib ki, bazar günündən bazar ertəsinə keçən gecə, səhərə kimi döyüblər. Ağzını, burnunu partladıblar. Qan içində qalıb. Fuad deyib ki, vəkili gəlsin yanına”.

Daxili İşlər Nazirliyi isə F.İsmayılovun döyülməsi barədə məlumatların yalan olduğunu, qərəzli şəkildə yayıldığını bəyan edib.

Fuad İsmayılov “Fu Məzi” yazısından sonra iki dəfə həbs olunub. Birinci dəfə martın 7-də Suraxanı rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik saxlama) maddəsilə 60 günlük həbs cəzası alan gənc fəal mayın 7-də azadlığa buraxılmışdı. İkinci dəfə mayın 22-də həmin məhkəmənin qərarıyla yenə də eyni cəzanı alıb.

F.İsmayılov hər iki həbsində ittihamın saxta olduğunu, narkotikin cibinə polis bölməsində atıldığını bildirib. Polislər F.İsmayılovu Suraxanı rayon Məhkəməsinin binasından çıxarıb maşına mindirərkən o, jurnalistlərə deyib: “Cibimə atdılar. Əvvəl bir protokol tərtib elədilər, sonra cırdılar, başqa bir protocol yazdılar…”

Polislər ona bundan artıq danışmağa imkan verməyib. Çevik Polis Alayının maşınına mindirib aparıblar.

Birinci həbs qərarından verilən apelyasiya şikayətinə baxılarkən F.İsmayılov demişdi ki, tutulandan sonra işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, narkotiki 32-ci polis bölməsində cibinə atıblar. Bu üzdən narkotik ittihamıyla tərtib edilmiş protokolu da imzalamaqdan imtina edib: “O qədər vurdular ki, qulağım zədələndi, üzərimdə xəsarət izləri var. Məni kameradan çıxarırdılar, 20 nəfər üstümə tökülüşürdü. Məhkəmədə mənim haqqımda İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə qərar çıxarıb, təcridxanaya göndərdilər. Təcridxanada isə gələn-gedən hamısı mənə siyasətlə bağlı sual verirdi. Deyirdilər ki, sən dövlətə qarşı çıxırsan. Deyirdim, mən dövlətə qarşı çıxmıram, əksinə, dövlətin yaxşı olmasını istəyirəm”.

F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub.

Ana səhifəSiyasətMSK-nın qarşısına “Fu Məzi” yazan gəncin təcridxanada döyüldüyü bildirilir