Bəşir Süleymanlı: “İndiki halda azad və ədalətli seçkilərdən danışmaq olmaz”
Ölkədə siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir.
Bunu, oktyabrın 11-də, dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Müşavirə dekabrda gözlənilən bələdiyyə seçkiləri ilə bağlı təşkil edilib.
MSK sədri Azərbaycanda seçki sisteminin Avropa standartlarına uyğunlaşdırıldığını deyib:
“Seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişiklikər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq nailiyyətlər əldə etmişik. MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq”.
Bütün sadaladıqları ilə bərabər Məzahir Pənahov dairə seçki sədrlərinə arxayınlaşmamağı tövsiyə edib:
“Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dairə seçki komissiyalarının sədrləri xoşagəlməz halların baş verməsindən sığortalanmayıb”.
Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev də seçki sisteminin təkmilləşdirildiyini söyləyərək, əlavə edib ki, son illər seçkini izləyən müşahidəçilərin iradlarının sayı azalmaqdadır:
“Bu, onu göstərir ki, seçki sistemi sürətlə təkmilləşdirilir. Bunun da səbəbi ölkədəki siyasi sabitlikdir. Azərbaycandakı seçki sistemi dünya üçün nümunədir. İnsanlar yaranmış bu şəraiti dəyərləndirir, seçkidə fəallıq göstərirlər”.
“Çatışmazlıqların aradan qaldırılması üçün zəruri islahatlar həyata keçirilməyib”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
(SMDT) ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) seçki müşahidə missiyalarının tövsiyələrinin icra vəziyyəti ilə bağlı dəyərləndirmə aparıb. SMDT bildirib ki, qüvvədə olan Seçki Məcəlləsinin bəzi müddəaları həm yerli ictimai-siyasi təşkilatlar, həm də Avropa Şurasının Venesiya Komissiyası və ATƏT/DTİHB tərəfindən dəfələrlə tənqid edilsə də, çatışmazlıqların aradan qaldırılması üçün zəruri islahatlar həyata keçirilməyib.
“Seçki komissiyalarının formalaşma strukturu, seçki hüququnun müdafiəsi üçün səmərəli hüquq müdafiə vasitələrinin yaradılması, seçki prosesinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, namizədlərin qeydiyyatı qaydaları və seçici siyahılarındakı ziddiyyətlərin aradan qaldırılması yönündə təkmilləşmələrə ehtiyac var”, – SMDT bildirib.
SMDT seçkiöncəsi bəzi jurnalistlərin ölkədən çıxışına qadağaların götürülməsini təqdir etsə də, qeyd edib ki, hazırda 5 nəfər jurnalist olmaqla, 112 nəfər tənqidi və alternativ mövqeyinə görə siyasi motivlərlə həbsdədir. Eyni zamanda vurğulanır ki, hazırda 20-dən artıq veb-səhifəyə ölkədən daxil olmaq məhdudlaşdırılıb.
SMDT müxalif insanların vaxtaşırı həbs və təqib olunduğunu qeyd edərək, bununla müxalif siyasi partiya üzvlərinin bələdiyyə seçkilərində namizəd kimi iştirak imkanlarının çətinləşdiyini vurğulayıb.
Sənəddə təşkilat son illər sərbəst toplaşma azadlığının təmin olunmasına məhdudiyyətlərin artmasını da qeyd edib. Qeyd olunub ki, bələdiyyə seçkilərinin azad, ədalətli və rəqabətli şəraitdə keçməsi üçün müstəqil və müxalif partiyaları təmsil edən namizədlərin qeydiyyatına müdaxilələr baş verməməlidir. Həmçinin, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər aradan qaldırılmalı, namizədlərin seçicilərlə görüşləri və mitinqləri üçün zəruri şərait təmin edilməli, ölkə televiziyalarında müxalif fikrə qadağalar götürülməlidir.
“Seçki komissiyalarının tərkibi ədalətli seçki keçirilməsi meyarlarına cavab vermir”
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Meydan TV-yə xatırladıb ki, seçkilərin keçirilməsi amillər müxtəlifdir və bu, əsasən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) qaydalarında göstərilib.
“Birinci növbədə seçkinin keçirilməsi üçün siyasi şəraitin təmin olunması, tərəflərə bərabər imkanların yaradılması, vətəndaş cəmiyyətinin fəaliyyətinə maneələrin götürülməsi, sərbəst toplaşmaq, söz və mətbuat azadlıqlarının təmin olunması lazımdır. Yalnız bunlara münasibət əsasında seçkilərin nə cür keçiriləcəyinə qiymət vermək olar:
“MSK sədri Məzahir Pənahov sabitlikdən danışsa da, nəyi nəzərdə tutduğunu açıqlamayıb. Müharibənin və ya hər hansı vətəndaş qarşıdurmasının olmamasını deyirsə, təbii ki, bunların heç biri yoxdur. Ancaq seçkilər yuxarıda sadaladığım meyarlara görə qiymətləndirilir. Təəssüf ki, seçkiöncəsi bu meyarların yerinə yetirilməsi müşahidə olunmur. İllərdir beynəlxalq təşkilatlar seçki komissiyalarının tərkibinin ədalətli seçki keçirilməsi meyarlarına cavab vermədyini bildirir. Ona görə ədalətli seçki keçirmək üçün komissiyaların tərkibinə yenidən baxılmalıdır. Komissiyaların tərkibi müəllim heyətindən, yaxud büdcədən maliyyələşən digər kontigentdən ibarətdir. Bunlar da siyasi hakimiyyətdən asılıdırlar. Əgər komissiyalar ədalətli, bərabər prinsiplər şəklində formalaşmayıbsa, digər məsələləri hələ müzakirə etmək lazım deyil”.
Bəşir Süleymanlı digər bir məsələ kimi, bir neçə saytın bloka qoyulmasını göstərib. Onun sözlərinə görə, belə olan halda azad və ədalətli seçkilərdən danışmaq olmaz. “Siyasi məhbuslar, təqib olunan insanlar var, vətəndaş cəmiyyəti barədə qanunvericilik demokratik tələblərə cavab vermir. Vətəndaş cəmiyyəti seçkini necə müşahidə edəcək, onlara maarifçilik işi aparmağa imkan veriləcəkmi? Bu suallar açıq qalırsa, sabitlikdən və yaxud tam hazırlıqdan danışmaq mümkün deyil”.
B.Süleymanlı M.Pənahovun “seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər” açıqlamasını belə şərh edib:
“Bu barədə konkret cavab verəcək adam deyiləm. Güman ki, cənab Pənahov bu bəyanatı niyə səsləndirdiyini, hansı müdaxilələri nəzərdə tutduğunu söyləyər. Ola bilsin ki, hakimiyyətdə bu barədə hansısa məlumatlar var, MSK sədri də informasiyalı şəxs kimi komissiya sədrləri ilə görüşdə xəbərdarlıq edir. Amma ümumilikdə bu prizmadan yanaşıb seçkilərin azad və ədalətli keçirilməsinin qarşısını almaq düzgün deyil. Çünki qapalı olduqda və şəffaf şərait yaradılmadıqda, daha çox müdaxilə imkanları olur. Əgər qanunsuz müdaxilə halları varsa, cəmiyyət məlumatlandırılmalıdır. Buna görə seçkiləri qapalı keçirə bilmərik”.
Siyasi partiyalar
ın əksəriyyəti bələdiyyə seçkilərinə ictimai marağın az olması, seçki qnaunvericiliyinin dəyişməməsi və demokratik şəraitin yaradılmamsı səbəbindən prosesə qatılmayacaqlarını bildiriblər.