Noyabrın 24-də Apellyasiya Məhkəməsində İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun şikayətinə baxılıb. Apellyasiya şikayəti Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi haqda çıxarılan qərarın ləğvini tələb edilirdi. Şikayət təmin olunmadı.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.
Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb.
Prosesdə iştirak edən İslam Partiyasının fəalları “Allahu-Əkbər”, “Təkbir” şüarları səsləndiriblər.