Yalçın İmanov: “Cəzaların İcrası Məcəlləsinə görə, bu cəza maksimum 15 gün ola bilər”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov cərimə kamerasına (kars) salınıb.
Məlumatı “Toplum.tv” ilahiyyatçının vəkili Yalçın İmanova istinadən yayıb.
Vəkil bildirib ki, martın 6-da aldığı beşgünlük “kars” cəzası başa çatandan sonra ona yenə üçgünlük cəza verilib. Bayramda ailə üzvləri onunla görüşmək istəsələr də, onlara deyilib ki, M.Səmədov yenə cərimə kamerasındadır, bu dəfə iki aylıq.
Vəkil qanunda 2 aylıq “kars” müddəti olmadığını deyir:
“Cəzaların İcrası Məcəlləsinə görə, bu cəza maksimum 15 gün ola bilər. Məsələnin qəlizliyi ondadır ki, bayramla əlaqədar iş günləri olmadığına görə Mövsüm Səmədovla görüşüb, baş verənləri öyrənmək də mümkün deyil. Onunla ən tez martın 27-də görüşə bilərəm”.
Mövsüm Səmədov 2011-ci ildə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla 12 il həbs cəzası alıb.
Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.
İlahiyyatçı hakimiyyəti tənqid edən biri kimi tanınırdı.