Ceyhun Bayramov: “Ermənistan üçün heç bir qırmızı xətt yoxdur”
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Azərbaycana gəlib.
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edərkən onun səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
“Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz, əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür”, – İlham Əliyev bildirib.
İlham Əliyevin deyib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır”.
Türkiyəli nazir bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır: “Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu gün Mövlud Çavuşoğlu keçirdiyi brifinqdə deyib ki, hərbi əməliyyatların aparılmasının öz qanunları var, konvensiyası var: “Ancaq Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərlərini – Gəncəni, Mingəçeviri hədəfə alması bu təxribatın nə qədər geniş olmasının təzahürüdür”.
Mövlud Çavuşoğlu Bakı səfərini: “Azərbaycan xalqına dəstəyimi göstərmək üçün oktyabrın 6-da Bakıya gəlmişəm”, – deyə xarakterizə edib.
“Hər zaman Azərbaycanın yanında olacağıq. Azərbaycanın öz torpaqlarını azad etdiyi bir dövrdə Bakıya səfər edirəm. Biz Azərbaycanla kədərimizdə də, sevincimizdə də birgə olacağıq”, – o bildirib.
Türkiyəli nazir deyib: “Bütün dünyaya bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər azad edilməyib və bu günədək qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan çox azərbaycanlı qardaşımız öz evlərinə dönməyi gözləyirlər. Ermənistan bir sıra yaşayış məntəqələrinə hücum edib. Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır, hətta Abşerona belə atəş açıb. Bu, müharibə cinayətidir, Ermənistanın çarəsizliyinin göstəricidir. Azərbaycan isə heç vaxt mülki vətəndaşları hədəfə almayıb. Bu da Ermənistanla Azərbaycanın əsas fərqidir”.
Mövlud Çavuşoğlu atəşkəslə bağlı suala cavab verərkən bildirib ki, dünya Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır: “Bütün çağırışların hamısı atəşkəsə yönəlikdir. Atəşkəs indiyədək olub və nə oldu? Qısa müddət sonra ermənilər yenə hücum edir. Atəşkəs olsun, amma nəticəsi nə olsun? Ermənistana “dərhal Azərbaycan ərazisindən çəkil” deyə bilirsinizmi?”.
Nazir xatırladıb ki, 30 ildir eyni çağırışlar var: “İşğalçı ilə Azərbaycanı eyni səviyyədə tuturlar. Bunun belə getməyəcəyini bütün dünya anlamalıdır. Biz bu məsələnin sülh yolu ilə həll olunması üçün bütün cəhdləri etdik”.