“Şəffaf şəkildə fəaliyyət göstərmişik, amma bu ilin yanvar ayından bu yana bank hesablarımıza həbs qoyulub, maliyyə vəsaitlərimizi götürə bilmirik, məgər şəffaflıq belə təmin edilir?”
QHT sektoru ilə bağlı Azərbaycandakı mövcud durumu bu sektorun müstəqilliyinin əlindən alınması kimi dəyərləndirmək olar. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı bunu “Turan İA”-a şərh edib.
“Ölkənin demokratikləşdirilməsi sütunları olan siyasi partiyalar, müstəqil mətbuat, müstəqil QHT-lər sıradan çıxarılır, bu halda hökumət düşünməlidir ki, bu boş qalan meydana hansı qüvvələr çıxa bilər?”, -deyə o, bu sahədə durumun qorxulu istiqamətə getdiyini bildirib.
M.Qəhrəmanlı PA hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərovun QHT sektorundakı durumla bağlı “Azərbaycan” qəzetinə açıqlamasına da şərh verib. O bildirib ki, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi şəffaflığı və QHT – dövlət münasibətlərinin sadələşdirilməsini təmin etməyib. Hüquq müdafiəçisinə görə, mövcud qanunvericilik əslində QHT sektorunun çöküşünə start verib.
Vətəndaş cəmiyyəti institutlarının geniş maarifləndirmə, hüquqi yardım, insan haqlarının təmin olunması işi apardığını deyən M.Qəhrəmanlı bundan sonra cəmiyyətin belə yardımlardan məhrum olunduğunu söyləyib. F.Ələsgərovun QHT-ləri Azərbaycan hökimətinin maliyyələşdirəcəyi haqda mövqeyinə cavab verən M.Qəhrəmanlı hökumətin ayırdığı maliyyə vəsaitlərilə irihəcmli layihələri icra etməyin qeyri-mümkün olduğunu nəzərə çatdırıb.
Şəffaflığa gəlincə isə, M.Qəhrəmanlı qeyri-şəffaf QHT-lərin fəaliyyətlərini davam etdirəcəklərini, maneələrin şəffaf işləyən qurumlara yaradıldığını söyləyib.
“Şəffaf şəkildə fəaliyyət göstərmişik, amma bu ilin yanvar ayından bu yana bank hesablarımıza həbs qoyulub, maliyyə vəsaitlərimizi götürə bilmirik, məgər şəffaflıq belə təmin edilir?”, – deyə hüquq müdafiəçisi qeyd edib.
O, cəmiyyəti faəliyyətilə demokratikləşdirmə istiqamətinə aparan vətəndaş cəmiyyəti institutları sıradan çıxdıqca, bu qurumların yerlərini radikal qüvvələrin tuta biləcəyi xəbərdarlığı edib.