”Moskva son vaxtlar separatçıları dəstəklədiyini gizlətmir”

Siyasi icmalçılar Rusiya XİN-in açıqlamasını şərh edirlər

Source:


Siyasi icmalçılar Rusiya XİN-in açıqlamasını şərh edirlər

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçiriləcək  “referendum”a münasibətini açıqlayıb.

Nazirlik rəsmi Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını qeyd edib.

Bununla belə nazirlik hesab edir ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır.

“Biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”,-deyə Rusiya XİN-nin APA-nin sorğusuna cavabında bildirilib.

Məsələni Meydan TV-yə şərh edən REAL sədrinin siyasi məsələlər üzrə müavini Azər Qasımlı bəyanatı yeni gəlişmə hesab edib:

“Çünki bundan əvvəl Rusiyanın xarici işlər naziri Lavrov, yaxud başqa diplomatları separatçıları müstəqil dövlət kimi tanımadıqları haqda bəyanat verməmişdilər. Düzdür, rəsmi olaraq tanımasalar da, bunu dilə gətirmir və bu mövzuda danışmamağa çalışırdılar. Ancaq sonrakı proseslərin necə inkişaf edəcəyini deyə bilmərəm”.

Azər Qasımlı foto sosial şəbəkə

“Konstitusiya referendumu” ifadəsinə gəlincə, Azər Qasımlı hesab edir ki, Rusiya Azərbaycan konstitusiyasını yenidən gözdən keçirməsini və Dağlıq Qarabağa daha böyük muxtariyyat verilməsini demək istəyib:

“Bunun üçün Azərbaycan konstitusiyasında referendum vasitəsilə dəyişikliklərə ehtiyac var. Hər halda Rusiya diplomatları buna eyham vururlar. Görünür, Minsk Qrupu çərçivəsində hər hansı gəlişmə var, amma Kreml Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsində israrlıdır. Əks halda Rusiyanın problemin çözülməsilə bağlı hər hansı plana imza atacağı inandırıcı deyil”.

Siyasi icmalçı Elxan Şahinoğlu isə fərqli düşünür. O, Rusiyanın separatçılara dəstək verdiyi qənaətindədir:

Siyasi icmalçı Rusiya baş dipomatı Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” və “işğal altındakı ərazilərin boşaldılması ətrafında müzakirələr getməlidir, amma paralel olaraq bölgənin statusu necə olacağı istiqamətdə də fikir mübadiləsi davam etməlidir” ifadələrini xatırladaraq bildirdi ki, faktiki olaraq nazir paket variantına üstünlük verdi:

Elxan Şahinoğlu Meydan TV

“Nədənsə, Azərbaycan mediası Lavrovun ikinci cümləsinə diqqət yetirmədi. Əslində, Lavrov bununla separatçılara dəstək verirdi. Ermənilər də deyir ki, ətraf rayonları boşaltmağa hazırdırlar, ancaq Dağlıq Qarabağın statusu necə olacaq və referendum nə vaxt keçiriləcək sualına cavab istəyirlər. Bu, Azərbaycanın konstitusiyasına və maraqlarına ziddir. Çünki Dağlıq Qarabağdakı azərbaycanlılar ərazilərə qayıtsa da, nisbət onların xeyrinədir. Bu mənada Moskva son vaxtlar separatçıları dəstəklədiyini gizlətmir. Son iki ayda Azərbaycan rəsmiləri Moskvaya cavab verdilər, Elmar Məmmədyarov hətta Rusiya paytaxtına getdi və nikbin görüş olmadığını qeyd etdi. Ardınca prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın daxili işi olduğunu deməklə Lavrova cavab verdi. Görünür, qiyabi polemika davam edir”.

E.Şahinoğlu bildirib ki, Dağlıq Qarabağda referendum keçirilməsi Bakını işğalçılara qarşı təzyiqi artırmağa məcbur etmək cəhdidir. Çünki referendum vəziyyəti daha da gərginləşdirir və Rusiya rəsmiləri bunu anlamalıdırılar. Azərbaycan iki ildir atəşkəsə haqlı olaraq riayət etmir, Dağlıq Qarabağ ətrafında onların helikopterini də, əsgərini də vurur. Genişmiqyaslı müharibə başlamasa da, lokal döyüşlərin qarşısını almaq mümkün olmayacaq. Artıq hər həftə tərəflər itki verir”.

Ana səhifəXəbərlər”Moskva son vaxtlar separatçıları dəstəklədiyini gizlətmir”